Dünən Londondaydı, bu gün Yevlaxda: “Bəlkə də bu, Tanrının sınağıdır”

7 Noyabr 23:00 Hadisə 145
Dünən Londondaydı, bu gün Yevlaxda: “Bəlkə də bu, Tanrının sınağıdır”

Futbolçu həyatı qəribədir.

Bir gün ən məşhur klublarından birində oynayırsan, dövr dəyişir karyeranı əksəriyyətin tanımadığı komandada davam etdirirsən.

Bir gün çıxış etdiyin ölkənin ən yaxşılarından olursan, gün gəlir, meydanda heç nə ilə yadda qalmırsan.

Bir gün Londonda doğulub futbolun sirlərinə İngiltərənin paytaxtında yiyələnirsən, illər keçəndən sonra karyeranı Yevlax təmsilçisində davam etdirirsən.

Sonuncu fakt Kayl Spensə aiddir. Hazırda “Karvan-Yevlax”ın formasını geyinən ingiltərəli yarımmüdafiəçiyə.

Kayl Sportinfo.az-ın “Londondan Yevlaxa gəlməyi Allahın sizinlə xoş zarafatı kimi qəbul etmək olar?” sualını bu sözlərlə cavablandırıb:

“Həyatın hər gedişatına hazır olmaq lazımdır. London barədə geniş danışmağa ehtiyac yoxdur. Oradakı həyat səviyyəsi tam başqadır. Əlbəttə, arada böyük fərqlər var.

Bəlkə də bu, Tanrının sınağıdır. Bəlkə də belə olması daha yaxşıdır. Ancaq gileylənmirəm, əksinə, uyğunlaşmağa, bacardığımın ən yaxşısını etməyə çalışıram.

Ailəm arada yanıma gəlib-gedir. Azərbaycanda mütəmadi yaşamır. Özümə gəlincə, Yevlaxda məşq etsək də, Mingəçevirdə yaşayıram. Şəhər xoşuma gəlir. Çay şəhərin ortasında keçir (Kür çayı – H.), yollar, küçələr işıqlı və təmizdir.

Londondakı qələbəlikdən dincəlmək üçün yaxşı imkandır. Həm futbol oynayıram, həm fərqli mentalitetlə ayaqlaşıram, həm də səs-küydən uzağam. Hər şey yaxşıdır”.

Vaxtilə Şotlandiyanın U-16 millisinin şərəfini qorumuş 28 yaşlı futbolçu İngiltərə klubları ilə yanaşı, Norveç, Litva, Almaniya, İspaniya, Malta və Şimali İrlandiya klublarının şərəfini qoruyub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?