“Neftçi”də mənə şans vermədilər" - Braziliyalı başına gələn hadisəni unuda bilmir

9 Oktyabr 2021 13:00 Müsahibə 1 904
“Neftçi”də mənə şans vermədilər" - Braziliyalı başına gələn hadisəni unuda bilmir

Futbolumuzun parlaq dönəmlərində bir də Markos Ferreyramız vardı.

Braziliyadan gəlib Yevlaxda yaşayan, qısa müddətdə “Karvan”ın “ürəyi”nə çevrilən, “Neftçi”nin diqqətini çəkən, Azərbaycan millisinə cəlb olunan sakit, mehriban və ünsiyyətcil pleymeyker.

Ölkəmizi tərk edəndən sonra ondan da xəbər-ətər çıxmadı. Digər həmkarları kimi başını işə qatıb ailəsini dolandırır.

Markosun əlaqə nömrəsini tapmaq çətin olmasa da, ingilis dilində səlis danışmaması ilk mərhələdə ünsiyyət qurmağımızı problemə çevirdi. Yaxşı ki, yaxın dostlarından biri köməyimizə çatdı.

Markosun Sportinfo.az-a müsahibəsini təqdim edirik.

- “Facebook”da baxıram, fiziki hazırlıq məşqçisi işləyirsən. Necədir, alınır?

- Futbolçu karyeramı bitirəndən sonra təhsil almaq qərarına gəldim. Və Bədən Tərbiyəsi Universitetinə daxil oldum. Ali təhsil vaxtı yüksək performanslı idman mütəxəssisi kimi formalaşdım. Ona görə də bu sahədə işləməyə başladım. Artıq bir neçə ildir məşqçi kimi çalışıram. Məncə, alınır.

- Azərbaycanı tərk edəndən sonra bir də buralara ayaq basmayanlardan biri də sənsən. Niyə birdəfəlik gedirsiz ki?

- Azərbaycanda möhtəşəm və unudulmaz 6 il keçirmişəm. Oranın hər qarışı mənə doğmadır. İnanın, imkanım olsa, yenə gedib gəzərəm, hətta yaşayaram orda. Amma ailə və iş bəzən arzularını reallaşdırmağa imkan vermir. Söz verirəm, bir gün mütləq Bakını gəzməyə gedəcəm.

- Azərbaycanın adını eşidəndə ağlına nə gəlir? Ümumiyyətlə, ölkəmizi necə xatırlayırsan?

- Azərbaycan futbol karyeramı zənginləşdirən ölkədir. Azərbaycan çoxlu dostlar qazandığım, özümü rahat hiss etdiyim ölkədir. Azərbaycan yığma komandasının şərəfini qoruduğum ölkədir. Çox sözlər demək olar. Azərbaycana gəldiyim ilk gündən olduqca isti qarşılandım. Özümü qətiyyən əcnəbi kimi hiss etmirdim. Hətta bəzən azərbaycanca danışırdınm. Azərbaycan yaddaşımda qonaqpərvər insanların məmləkəti kimi yadda qalıb və belə də davam edəcək. O dönəmdə yanımda olan, mənə kömək edən hər bir insana təşəkkürümü bildirirəm.

- Bakı indi çox dəyişib, görsən, tanımarsan. Xəbərin var?

- Əlbəttə, xəbərim var. Hər il Bakıda keçirilən “Formula-1” yarışına baxıram. Mərkəzi küçələrdəki binalardan tanısam da, digər yerlərin müasirləşdiyindən xəbərdaram. Yeri gəlmişkən, “Qarabağ”ın avrokuboklardakı çıxışına baxıram, nəticələri ilə maraqlanıram. Adamı qürurlandırır.

- Bu sual mənim üçün həmişə maraqlı olub. Ona görə də soruşacam. Braziliyadan gəlib Yevlaxda yaşamaq çətin deyildi?

- Rio de Janeyroda doğulmuşam və bu şəhərin hansı məna kəsb etdiyini bilirsiz. Bəli, Yevlaxdakı ilk günlər heç də asan keçmirdi. Lakin qısa müddətdə orda çoxlu dostlar qazandım. Məhz həmin dostların və gərgin məşqlərin sayəsində çətin dövrü arxada qoydum. Bir müddətdən sonra Yevlax mənə illərdir yaşadığım bölgə kimi gəlirdi. Bilirsiz, insan nəyisə ürəkdən sevəndə, qüsurlara baxmır, mənfi cəhətləri görmür. Hətta elə vaxt olurdu, Yevlaxı tərk edəndə darıxırdım.

- Uğurlu “Karvan” karyerasından sonra “Neftçi”yə keçdin. Lakin icarə əsasında top qovduğun komandada özünü yaxşı tərəfdən göstərə bilmədin. Nə baş verdi?

- “Karvan”da işimi bəyənən və oyunumu göstərmək üçün mənə hər cür rahatlıq verən Yunis Hüseynov kimi məşqçi ilə çalışırdım. Ona görə də mənə rahat idi. Əslində, “Neftçi”də daha uğurlu ola bilərdim. Sadəcə, lazımi qədər şans qazanmadım. Çünki braziliyalılarla işləməyi sevməyən ukraynalı məşqçinin dövrünə düşdüm (Anatoli Demyanenko – H.). Heyif, Qurban Qurbanovla çalışmaq imkanım olmadı.

- Amma millidəki çıxışınla da söz etdirə bilmədin. Cəmi iki oyunda şans qazansan da, sonra gözə dəymədin.

- Təlim-məşq toplanışına cəlb olunmuşdum və dediyiniz iki oyun da yoldaşlıq xarakterli idi. Təəssüf ki, zədələndim və 4 ay yaşıl meydanlardan uzaq qaldım. Sonra yenidən dəvət olunsam da, 100 faiz hazır deyildim. Yığmaya çağrılmağım mənim üçün pis dönəmə təsadüf etdi. Amma ən böyük arzum idi millinin aparıcı futbolçularından birinə çevrilmək.

- O vaxt eyni komandada oynadığın azərbaycanlı futbolçulardan kimləri xatırlayırsan?

- Hamısını. Tərlan, Elxan, Mahir, Samir, Kənan, Fərrux, Sahil, Riad, Ruslan, Füzuli...

- Azərbaycanda qazandığın pullarla Braziliyada özünə iş qura bildin?

- İş qurmaq deyəndə ki, yatırımı əsasən daşınmaz əmlaka etmişdim. Bir neçə mülk almışdım.

- Sonda Azərbaycanla bağlı xatırladığın maraqlı hadisəni nəql edə bilərsən?

- Heç vaxt unutmayacağım olay var ki, onu hər yerdə, hamıya danışıram. Deməli, Azərbaycandakı ilk ilimdə kubokun yarımfinalında başımdan ağır zədə almışdım. Bir neçə ildən sonra “Neftçi”yə keçdim və bu komandanın heyətində “Karvan”la oyun üçün Yevlaxa səfər etməli oldum. Oyundan əvvəl bir neçə azarkeş mənə tərəf yaxınlaşıb əhvalımı soruşdu, daha sonra başımdakı zədə ilə maraqlandı. Yekunda məni öpüb-qucaqladılar, “Neftçi”nin yox, “Karvan”ın futbolçusu kimi qəbul etdilər. Həmin dəqiqələr heç vaxt gözlərimin önündən getmir. Yeri gəlmişkən, Azərbaycandakı bütün dostlarıma, vaxtilə mənə dəstək verən, yanımda olan hər kəsə salam göndərirəm. Bir gün mütləq görüşəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti