
Bakı hazırlığını başa vuran “Neftçi” Polşa toplanışına hazırlaşır.
Paytaxt təmsilçisi iyulun 15-i səhər saatlarında vətəni tərk edəcək.
Baş məşqçi Samir Abasov Alfa Kontenin Polşadakı təlim-məşq toplanışına qatılmaması barədə göstəriş verib.
İyunun ortalarında ölkəmizə gələn Syerra-Leonedən olan yarımmüdafiəçi bir neçə gün əvvələ qədər fərdi məşqçinin nəzarəti altında hazırlaşırdı.
Ötən həftənin cümə günündən isə hazırlıqlara start verən “Neftçi-2”nin sıralarına qoşulub.
Konte əsas komandaya lazım olmadığının fərqindədir. Klubdan göndərilməsi üçün hansı münasibətlərlə üzləşdiyini də yaxşı bilir.
Lakin əhvalını zərrə qədər də korlamır. “Heç yerə getmək fikrim yoxdur” deyib, pulunu qazanır.
Alfanın “Neftçi”ylə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
HƏBİB / SPORTİNFO.AZ