Bombardir 800 dollara oynayıb – Pul qazanmaqdan başınız açılanda...

14 İyul 23:00 Qəbələ 542
Bombardir 800 dollara oynayıb – Pul qazanmaqdan başınız açılanda...

“Qəbələ” rəhbərliyinin Futbol Akademiyasının fəaliyyətini məhdudlaşdırması bəzi işbazları hərəkətə keçirib.

İllərdir ölkənin uşaq futboluna xidmət göstərən bölgə təmsilçisinin əməyi sosial şəbəkələrdəki yazılarla yerə vurulur, “qızmızı-qaralar”ın legionerlərlə güclənməsi ortaya tezis kimi qoyulur.

Təbii ki, burada maraqların qorunması xüsusi yer tutur. AFFA rəhbərliyində təmsil olunan dostlarına yarınmaq üçün fürsət tapan şəxslər “Qəbələ”də görülən işlərə kölgə salmaqla kimlərinsə çörəyinin üstünə yağ çəkir(lər). Öz aləm(lər)ində.

Futbolda naşı olan “bilicilər” Azərbaycan futbolundakı ümumi vəziyyətdən zərrə qədər xəbəri olsaydı, qəbələlilərin heyətinə qatdığı afrikalıların qiymətindən duyuq düşərdi.

Ötən mövsüm I Liqanın bombardiri adını qazanan Domi Massumonun aylıq qazancından xəbəriniz var?

Təbii ki, yoxdur.

Deyim, məlumatınız olsun. 800 dollar.

Növbəti mövsüm üçün maaşı təxminən iki dəfə artırılıb.

Əsas komandanı gücləndirmək üçün cəlb olunan İsaaq Amoah, Paulo Quimbila, Prins Ovusu, Ba Loua Adriel də Premyer Liqada top qovacaq.

Bu dörd futbolçudan üçünün aylıq məvacibi 2-4 min dollar aralığında dəyişir. Yalnız birinin – Banın əməkhaqqısı 10 min dollar civarındadır.

Bunları qeyd etməklə “Qəbələ”nin hüquq müdafiəçisi görkəmi yaratmaq niyyətim yoxdur. Niyyətim Azərbaycan futbolunun avrokubokların qrup mərhələsindəki üç komandasından birinin, milli komandaya saysız futbolçular qazandırmış, ölkədəki ən möhtəşəm stadion kompleksinə sahib olan kluba palçıq atanların qarşısına fakt qoymaqdır.

Pul qazanmaq üçün müxtəlif yollara əl atmaqdan başınız açılanda, futbola da baxın. Maraqlanın, öyrənin.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda