AFFA İcraiyyə Komitəsinin (İK) fevralın ikinci yarısında bir araya gəlməsi gözlənilir.
Hər halda federasiyanın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun nişan verdiyi tarix həmin vaxta təsadüf edir.
Qurumun yanvarın 8-də keçirilən hesabat-seçki konfransı zamanı millinin yeni baş məşqçisi haqda danışan E.Məmmədov bildirmişdi ki, İK qarşıdakı 15 gündə növbəti dəfə toplaşacaq.
O, namizədlər siyahısında 32 nəfərin yer aldığını, onların sayının 15-ə endiriləcəyini, daha sonra konkret adlar üzərində dayanacaqlarını qeyd etmişdi.
Sportinfo.az-ın məlumatına görə, təyinat fevralın sonu, martiın əvvəlindən tez gerçəkləşməyəcək. Buna səbəb isə namizəd məsələsində AFFA rəhbərliyində fikir ayrılığının yaranmasıdır.
Belə demək mümkünsə, federasiya başbilənləri 3 qrupa bölünüb. Milli komandalara məsul vitse-prezident Elşad Nəsirov birmənalı surətdə istəyir ki, Nikola Yurçeviçi əcnəbi həmkarı əvəzləsin.
İcraiyyə Komitəsinin bəzi üzvləri yığmanın sükanının yerli mütəxəssislərdən birinə həvalə olunması təklifi ilə çıxış edib. Bura Kazbek Tuayev, İskəndər Cavadov və digərləri daxildir.
Yeni vitse-prezident Vaqif Sadıqov isə seçimin sədri olduğu Məşqçilər Komitəsinə tapşırılmasında israrlıdır. O, iddia edib ki, Məşqçilər Komitəsinə təcrübəli və yaşlı insanlar daxildir və bu işi onlardan yaxşı bilən olmaz.

