Yeni yaradılan millinin baş məşqçi postuna 2 namizəd

1 Fevral 2020 23:00 Milli komanda 2 017
Yeni yaradılan millinin baş məşqçi postuna 2 namizəd

AFFA-nın XXVIII Hesabat-Seçki Konfransında mühüm qərarlar qəbul edildi. Administrativ strukturda mahiyyət dəyişikliyi olmasa da, rezonans kiçik deyil.

İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra isə mətbuat konfransı keçirildi və bu dəfə Elxan Məmmədovla birgə Vaqif Sadıqov da var idi.

Sadıqov artıq AFFA-nın yeni vitse-prezidentidir. O, jurnalistlərə İK-nın iclasında çıxış etdiyi təklif barədə açıqlama vermişdi.

Söhbət ikinci milli komandanın yaradılmasından gedirdi. Sadıqovun bildirdiyinə görə, bu təklif onun özünə məxsusdur, İdeyanın əsas məqsədi odur ki, gənc futbolçular bir komadaya cəmlənsin və onların arasından milliyə seçim olsun:

«Fikir versək, 15-dən 19-dək yaş qrupları üzrə milli komadalar var. U-21 isə artıq milliyə birbaşa tramplindir. Bəs bu tramplindən kifayət qədər fayda götürə bilirikmi?

Son illər Mahir Emrelin çıxmaqla elə bir ad yoxdur ki, millidə möhkəmlənə bilsin. Bu tendensiya futbolumuzda ən xoşagəlməz haldır.

Yeni təklifin məqsədi də bu boşluğu aradan qaldırmaqdır. Deməli, çempionatda tətbiq edilən 21 yaşadək futbolçu limitinə görə komandalarımız məcburən bir futbolçu oynadırlar. O limitin əvəzedicisi kimi də 1-2 o yaşlarda olan futbolçu heyətə qatılır.

Bunun faydalarını az da olsa, hiss etməkdəyik. Fikrimcə, Mahir həm də bu limit məsələsinə görə milliyə qazandırıldı. Ancaq prosesi sürətləndirmək lazımdır. Bu ilin sonlarında həmin limit oyunçuları limit yaşını bitirəcəklər. Bəs sonrası?

Onlardan neçəsi Premyer Liqadakı klublarının marağında olacaq? Əsas heyətdə möhkəmlənə biləcəklərmi? Zaman göstərir ki, burda faiz göstəricisi olduqca aşağıdır. Və beləcə istedadlı futbolçular tam formalaşmamış havada qalırlar.

Məhz o cür oyunçuları itirməməkçün 23 yaşadək futbolçulardan ibarət bir komanda formalaşdırmaq lazımdır. Limit oyunçuları daha iki il həmin komandada oynasınlar. Belədə həm klublarımızın onları müşahidə etmək imkanı olacaq, həm də əsas milliyə keçid üçün fürsət xeyli genişlənər.

Bu komanda əsas milli üçün gənc futbolçu bazası olmaqla bərabər, həm də yerli məşqçi üçün də sınaq meydanı olmalıdır. Həmin komandanı birmənalı olaraq azərbaycanlı mütəxəssislər çalışdırmalıdır.

Biz millini çalışdırmağa perspektiv vəd edən mütəxəssislər arasında seçim edib, həmin komandaya təyin etməliyik. Bəs o komanda necə fəaliyyət göstərəcək?

Əlbəttə ki, müxtəlif turnirlər, təlim-məşq toplanışları, yoxlama oyunları vasitəsiylə. Medianın və ictimaiyyəin də diqqəti məhz bu komandada olacaq.

Orada qabaracaq futbolçuları əsas milliyə qazanmış olacağıq. Komandanın oyunu, nəticələri yaxşı olacaqsa, bununla artıq o çalışdırıcının da əsas milliyə yolu açılacaq».

Sportinfo.az bu mövzu ilə bağlı araşdırma aparıb və bəzi müəyyən bilgilər əldə edib. Belə ki, AFFA-nın U-23-ü çalışdırmaq üçün namizədlərin siyahısını tutmağa başladığını öyrənmişik.

Baş məşqçi postuna əyləşməyə hələlik 2 mütəxəssis favoritdir. Onlardan biri Məşqçilər Komitəsinin üzvü olan Şahin Diniyevdirsə, digəri mövsümün əvvəlində «Zirə»dən qovulan Samir Abasovdur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti