Kim buna razılaşsa, o da millimizi çalışdıracaq!

31 Yanvar 2020 13:20 Milli komanda 1 614
Kim buna razılaşsa, o da millimizi çalışdıracaq!

UEFA ötən ilin son rübündə 2020/2021-ci illər mövsümündə keçiriləcək Millətlər Liqasının formatını elan edib.

Maraqlıdır ki, cəmi 1 dəfə keçirilmiş yarışın daha səmərəli və baxımlı olması üçün ilk turnirin təcrübəsini təhlil edən qitə futbol qurumunun qərarına əsasən, yeni formatla "A", "B" və "C" divizionlarının hər birində 16, "D" divizionunda isə 7 komanda yer alacaq.

Turnirin ilk yarışında "A" və "B" divizionlarında 12, "C"də - 15, "D"də - 16 komanda yarışmışdır. Bununla ölkəmizin yığması bir liqa yüksəlmək fürsəti əldə edib və gələn dəfə «C» divizionunda yarışacaq.

Ümumiyyətlə, turnirin yeni formatının daha məntiqli və mübarizə baxımından daha cəlbedici olduğunu etiraf etmək lazımdır.

Azərbaycanı özünə bərabər rəqiblər arasında da qalib gələ bilməməsi nə qədər düşündürücü olsa belə, daha ciddi komandalarla bir arada yer almaq imkanı futbolun inkişafı baxımından daha böyük fürsətdir. Millətlər Liqasının ilk qalibi adını finalda Niderlandı 1:0 hesabı ilə məğlub etmiş Portuqaliya qazanmışdı.

Gəlin, yenidən formalaşmış liqalarla tanış olaq:

"A": Portuqaliya, Niderland, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya və İslandiya. Qrupların qalibləri «Dördlər finalı»nda ən güclünü müəyyən edəcəklər.

"B": Rusiya, Avstriya, Uels, Çex Respublikası, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan və Rumıniya.

"C": Azərbaycanla yanaşı, Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Qazaxıstan və Moldova (bu liqalarda komandalar 4 qrupa bölünməklə yarışacaq).

"D": Cəbəllütariq, Farerlər, Latviya, Lixtenşteyn, Andorra, Malta, San Marino. Komandalar birində 4, digərində 3 komanda olmaqla 2 qrupa bölünəcəklər.

İlk iki liqanın qruplarında sonuncu yeri tutan 4, "C" liqasında isə ən zəif nəticə göstərmiş 2 kollektiv aşağı diviziona yuvarlanacaq. "B" və "C" liqalarında qaliblər, "D"də isə iki ən yaxşı kollektiv daha yuxarı liqalarda yer alacaq.

Qruplarda sonuncu turun qarşılaşmaları eyni vaxtda başlanacaq. Turnirin püşkü martın 3-də Niderlandın paytaxtı Amsterdamda UEFA konqresinin gedişi zamanı atılacaq.

Bizdə olan məlumata görə, AFFA qarşıdakı püşkatmanı gözləyir. İcraiyyə Komitəsinin növbəti iclasında millinin baş məşqçi postuna namizədlər bir də gözdən keçiriləcək və son siyahı müəyyənləşdiriləcək.

Püşkün nəticələri bilinəndən sonra gündəmdəki əcnəbi mütəxəssislərlə tək-tək görüşlər keçiriləcək. Üstünlük komandamızı qrupdan çıxarmağı vəd edən çalışdırıcıya veriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti