Azərbaycan millisinin baş məşqçi vəzifəsinə 32 namizəddən 5-nin adı məlum olub.
Bu, AFFA-nın yeni icraçı vitse-prezidenti Elxan Məmmədovun keçirdiyi mətbuat konfransı zamanı müəyyənləşib.
İTV telekanalı Elxan Məmmədovun əlində olan dəftərdən millinin baş məşqçi vəzifəsinə namizəd olan bir sıra mütəxəssislərin adını lentə ala bilib.
Onların adlarını isə telekanalın əməkdaşı Tural Dadaşov açıqlayıb. Namizədərdən 3-ü italiyalı - Canni Di Byazi, Luici Di Byaco və Çezare Prandelli, belaruslu Oleq Kononov və serbiyalı Branko İvankoviçdir.
İcraiyyə Komitəsinin 15 gündən sonra keçiriləcək növbəti iclasınadək namizədlərin sayı 15-ə endiriləcək və yekun qərar qəbul olunacaq.
Luici Di Byaconun 48 yaşı var. "Roma", "İnter", "Breşiya" klublarının sabiq yarımmüdafiəçisi 2013-2019-cu illərdə İtaliyanın U-21 millisini çalışdırıb.
"Qalatasaray", "Fiorentina", "Roma", "Valensiya" kimi klubları çalışdırmış 62 yaşlı Prandellinin son iş yeri "Cenoa" olub.
Albaniya millisini AÇ-2016-nın final mərhələsinə çıxaran Canni De Byazi 3 ildir işsizdir. Onun adı İran millisi ilə də hallanır.
53 yaşlı Kononov 2018/19 mövsümündə Moskva "Spartak"ının baş məşqçisi olub. O, "Krasnodar", "Axmat" və "Arsenal" (Tula) klublarını da çalışdırıb.
65 yaşlı Branko İvankoviç yanvarın 19-u Oman millisinin baş məşqçisi təyin edilib. Görünür, bu şəxsin namizədliyi təqdim ediləndə onun yeni iş yeri tapmasına fikir verən olmayıb.
Sportinfo.az 3 gün öncə AFFA-nın üzərində dayandığı məşqçilərin sayının 50-dən 5-ə endiyini yazmışdı.
Elxan Məmmədov bildirib ki, İcraiyyə Komitəsinin növbəti iclasında siyahıda yer alan məşqçilərin sayı azaldılacaq: “32 namizədin heç biri ilə danışıqlar aparılmayıb.
Siyahı İcraiyyə Komitəsinə təqdim olundu. Növbəti iclas zamanı sayı 32-dən 15-ə, yaxud 13-ə endirilməsi gözlənilir. Müxtəlif fikirlər səsləndi.
Bəziləri tanınmış məşqçinin, bəziləri daha əvvəl köməkçi kimi çalışmış mütəxəssisin gətirilməsini istəyir. Ölkəmizdə çalışan əcnəbi mütəxəssisin, yaxud qonşu ölkələrdən məşqçinin gətirilməsini istəyənlər də var”.
E.Məmmədov siyahıdakıların 32 nəfərdən ibarət olduğunu iddia edib, amma ki… Ona inanmağa dəyməz! Bu şəxs 12 il ərzində nə vaxt düz danışıb ki, indi biz hansı əsasla onun həqiqəti söyləməsini gözləyirik?
Azərbaycan millisinin sükan arxasında son olaraq Nikola Yurçeviç olub. Xorvatiyalının AFFA ilə müqaviləsi fevralda bitəcəkdi, tərəflər buna 3 ay qalmış xitam barədə qarşılıqlı razılışıblar.
Yeni baş məşqçi tapılmasıyla şəxsən Məmmədova yaxınlığı ilə bilinən menecerlər məşğuldur. Belələrinin sayı kifayət qədər məhduddur, başında isə Riad Rəfiyev gəlir. Bəli, "Sumqayıt"ın prezidenti yenə də öz "amplua"sındadır və əsas işini görməkdədir.
Rəfiyevə məxsus olması şübhə doğurmayan "3R Sports Management” (3 R – Rəfiyev Riad Rasim oğlu) fəal şəkildə axtarışdadır. Maraq üçün qeyd edək ki, "Keşlə"nin mətbuat xidmətinin rəhbəri Murad Axundov adıçəkilən şirkətiin mənsubudur və paytaxt klubuna məhz Riad bəyin vasitəçiliyi ilə düzəlib.
"3R Sports Management” Yurçeviçə də vasitəçilik edib. Təbii ki, öz payını alıb. Həmin məbləğ isə 100 min dollar təşkil edib. Xorvat çalışdırıcıya 1 milyon dollar ödəyən AFFA bu şirkətə də 10 faizlik menecer haqqı ödəyib.
"3R Sports Management” ötən ilin son ayında Robert Prosineçki ilə keçirilən görüşmələrin təşkilatçısı idi. Bunu biz yazdıq, AFFA dandı.
Sonra Xorvatiya mediası Rəfiyevin həmyerliləri ilə bir araya gəldiyini qələmə aldı, belə görüşlərdən birinin İstanbulda baş tutduğunu açıqladı, AFFA susdu.
Xorvat həmkarlarımız bir qədər irəli gedərək qeyd etmişdi ki, "Sumqayıt"ın menecer prezidenti Prosineçkini Azərbaycana qayıtmağa razı salmağa çalışıb, hətta buna görə əvvəlkindən daşha yüksək müqavilə şərtləri təklif edib.
Məmmədovla Rəfiyev arasında "işbirliyi" çoxillik tanışlığa söykənir, odur ki, başqa agentlər millinin «bazar»ına daxil ola bilmir. Onlara sadəcə olaraq imkan verilmir. Həmin menecerlərdən biri adının çəkilməməsi şərtiylə bunu saytımıza etiraf edib:
"Bugünə kimi AFFA-ya onlarla məşqçi təklif eləmişəm. Hamısı da normal şərtlərlə. Elxan Məmmədov hər dəfə bir bəhanə gətirib, sonda elə məşqçini milliyə təyin ediblər ki… Özümə söz vermişəm, daha bundan sonra bir nəfərin adını deməyəcəm.
Mən buradan deyirəm, onlar da oradan gedib özləri başqa «kanal»la məşqçiyə çıxırlar. Başa düşmüşəm ki, məni yaxına buraxmayacaqlar, təklif verməyim mənasızdır".

