MİLLİ "QUMARXANA" - Elxan Məmmədovun istefası üçün əsas

7 Yanvar 2020 09:15 Milli komanda 1 551
MİLLİ "QUMARXANA" - Elxan Məmmədovun istefası üçün əsas

AFFA 21 yaşlılardan ibarət yığmayla bağlı ciddi araşdırmaya başlaması haqda yaydığımız xəbərin üstündən xeyli keçib.

Hadisənin xülasəsinə qayıdaraq qeyd edək ki, federasiya UEFA-dan daxil olan növbəti siqnalın arxasınca düşüb.

Məsələ ondadır ki, komandamızın Fransayla səfər oyununa (0:5) külli miqdarda pul qoyuluşu edilib. Təkcə ev sahiblərinin yığmamıza 4-dən artıq top vuracağına isə 200 min dollar yatırılıb.

UEFA AFFA-dan araşdırmada iştirak etməsini istəyib. Federasiyadan əldə etdiyimiz məlumata görə, Fransada meydana çıxan futbolçulardan 5-i etiraf edib ki, onlara bukmeyker kontorları ilə qeyri-leqal «əməkdaşlıq» eləyən insanlardan təklif gəlib.

Bundan yığma üzvlərinin əksəriyyəti xəbərdardır, sadəcə, 5 nəfər razılıq verib. Matçın nəticəsinin "stavka"ya qoyulması təklifi onlara birbaşa gəlməyib. Belə ki, Premyer Liqa klublarında çıxış edən bir neçə futbolçu bu işdə "vasitəçilik missiyası"nı öz üzərinə götürüb.

Məlum olub ki, millimizin böyükhesablı məğlubiyyətinə qoyulan pul matçın fasiləsində 500 minə, ikinci hissənin ortasında isə 800 min dollaradək artıb. Belədə təxminən bilinib ki, kələfin bir ucu hara və kimə gedib çıxır.

U-21 Avropa çempionatının seçmə mərhələsinin ilk turunda Lixtenşteynə yenilib - 0:1. Milan Obradoviçin çalışdırdığı kollektiv Slovakiya üzərində qələbə qazansa da (2:1), ardıcıl 3 oyunda Gürcüstana 0:3, Fransaya 0:5 və İsveçrəyə 0:1 hesablarıyla uduzub. Komanda son turda Lixtenşteyndən revanşı eyni hesabla götürüb - 1:0.

Sportinfo.az prosesin gedişi ilə bağlı yeni məlumatlar əldə edib. Məsələn, öyrənmişik ki, Elxan Məmmədov hadisələrin gedişini öz xeyrinə dəyişməyə can atır və bu məqsədlə əlaltından müəyyən işlər görür.

Çünki işin içində milliləşdirilən legionerlərin və baş məşqçinin özünün də adları hallanır. Bütün dünya bilir ki, Balkan yarımadasından olan futbolçuların və məşqçilərin bir çoxu bukmeyker kontorlarının sevimli müştərisidir.

Odur ki, bu bazar çox təhlükəli "virus" mənbəyi sayılır. Obradoviçi Azərbaycana gətirən isə elə AFFA-nın baş katibi və ona yaxın insanlardır. Milliləşdirilən oyunçulara yığmamızın formasını geyindirən də Elxan Məmmədovun adamlarıdır.

Konkret desək, menecerlik fəaliyyəti ilə məşğul olan Riad Rəfiyev. İki ilə yaxındır «Sumqayıt»ın prezidenti vəzifəsini yerinə yetirən bu zat gördüyü qeyri-rəsmi işin qarşılığında öz faizini alır.

Elxan Məmmədov belə fikir yaratmağa hazırlaşır ki, Milan Obradoviçin U-21-də uğursuzluqla üzləşməsi sırf xəyanətlə əlaqədardır, özünün isə heç nədən xəbəri olmayıb.

Axı, necə ola bilər ki, kənardan futbolçunu gətirən sən, ona xarici pasport düzəltdirən sən, yığmanın əsas heyətində yer edən sən, amma «qazan»ın içində nə qaynamasını bilməyəsən?

Obradoviç Fransa ilə matçdan sonra verdiyi açıqlamada 3 qolun fərdi səhvlərdən vurulduğunu söyləmişdi. Amma taktikanı nə üçün 3-5-2 sxemi üzərində qurduğunu açıqlamamışdı və deməmişdi ki, müdafiəçini hücumda oynatmaqda məqsədi nə olub.

Habelə bəzi aparıcı futbolçuları ehtiyatda saxlamasının səbəbini açıb-ağartmamışdı. Görəsən, səhvini anlamadığından, ya sərf eləmədiyindən?

AFFA yetərincə narahatlıq doğuran bu məsələnin şəffaf araşdırılmasına maraq göstərmir. Bu, onlara lazım da deyil. Federasiya ona çalışır ki, proses birtərəfli getsin və işə aidiyyatlı olanları istiqamətləndirsin. Halbuki bu, hansısa klubla bağlı qalmaqal deyil, söhbət konkret millidən gedir.

I Diviziona aidiyyatlı 38 şəxsin adı federasiyanın «qara siyahı»sına salınıb. İçində klub funksioneri də var, məşqçi və futbolçu da. Qurum elə təsəvvür yaratmağa səy göstərir ki, sanki «qumar» halları sırf aşağı dəstədə baş verir, millilər və Premyer Liqa klubları bu zərərli və çirkli olyalardan kənardadır.

Qətiyyən belə deyil! İcraiyyə Komitəsinin son iclasında məsələ geniş müzakirə olunub, adlar çəkilib, gəl ki, rəsmi açıqlamalarda bu haqda bircə kəlmə də deyilmir.

AFFA-nın üzvləri sabah keçiriləcək növbədənkənar konfransda araşdırmanın nəticələri barədə hesabat tələb eləməli və məsələni nəzarətə götürməlidir. Yoxsa hər şeyi yenə Elxan Məmmədovun ümidinə buraxsalar, o, hamını günahlandıracaq, özü isə sudan quru çıxacaq.

Adətən, bu kimi olayların yaşandığı federasiyalarda istefalar bir-birini əvəzləyir, bütün idarəçilər və icraçılar vəzifəsindən gedir. Millidə bu cür biabırçı hal qeydə alınıbsa, artıq işə hüquq-mühafizə orqanları qarışmalıdır.

Oturub gözləməyə dəyməz ki, Elxan Məmmədov əsl həqiqəti etiraf edəcək və nə vaxt ərizəsini yazıb stolun üstünə qoyacaq. Ümid etməyə dəyməz buna. Odur ki, baş katib araşdırma bitənədək səlahiyyətlərinin icrasından məhrum edilməli, gedişata təsir imkanlarını məhdudlaşdırmalıdır.

Yalnız hüquq-mühafizə orqanlarının iştirakı bütün qaranlıq məqamlara aydınlıq gətirə bilər. Milli həssaslığın zirvəsidir. Daha bundan o tərəfi yoxdur və bu formanı geyinənlər belə yaramaz əmələ əl atıbsa, cəzalanan bir tək özləri olmamalıdır.

Federasiya rəhbəri kimi Elxan Məmmədov da məsuliyyətdən kənarda saxlanılmamalıdır. Bütün yığma komandalara nəzarət bu şəxsin əlində cəmləşib.

Əsgər silahı yerə atıb qaçırsa, əks tərəfə keçirsə, döyüşü uduzursa, cavabdehliyi komandir, general daşıyır. Milli də belə yerdlir. Onda niyə Elxan Məmmədovun yaxasından yapışan olmasın ki?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti