"Sumqayıt"ın qapıçısı Xəyal Fərzullayevin U-21 millisinə dəvət olunmaması kəskin tənqid olundu.
Elə başda özüm bunu etdim.
Haqqsız da deyildik.
Xəyal bütün kriteriyalarda dəvət alan digər kolleqalarını qabaqlayır.
Həm nisbətdə daha iddialı klubdadır, həm də sabit çıxış edir. Mehdi Cənnətov kimi təcrübəli kiperi ehtiyata göndərə bilib.
Belədə baş məşqçi Rəşad Eyyubovun qərarını anlayışla qarşılamaq mümkün deyildi.
Məsələni alovlandıran bir də son seçim oldu.
"Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrıldı. Onun əvəzinə “Neftçi”nin əvəzedici komandasında ehtiyat qapıçı olan 16 yaşlı Nurəziz Əzizov heyətə dəvət edildi.
Axı bu qədər də absurdluq ola bilməz. Ya Eyyubov Fərzullayevə qarşı düşmənçilik edir, ya da işin içində başqa nəsə var.
İzinə düşdük, kiçik araşdırma apardıq və həqiqətə çata bildik.
Təəssüf ki, ikinci hal baş verib.
20 yaşlı futbolçu gənclər millimizin əvvəlki toplanışlarında etdiyi intizamsızlığın əziyyətini çəkir.
"Sumqayıt"ın yetirməsi millinin düşərgəsində futboldan kənar məsələlərə yer verib.
Bu da təkcə özünün idman rejiminə təsir etməyib, həm də düşərgədə ümumi ab-havanı pozub.
Belədə radikal addım atılıb.
Məşqçilər korpusunun ümumi qərarı olub ki, Xəyal kənarda qalsın.
Başverənlərdən oyunçu özü də məlumatlıdır.
Belədə deyəcək söz qalmır...
Mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.
Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.
XANOĞLAN/ SPORTİNFO.AZ

