Azərbaycan millisi mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.
Komandamız Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Ayxan Abbasovun düşərgəyə çağırdığı futbolçular arasında Elvin Cəfərquliyev də yer alıb.
Baş məşqçinin bir ay öncə «Qarabağ»ın əsas komandasından uzaqlaşdırılan müdafiəçiyə dəvət göndərməsi birmənalı qarşılanmayıb, mediada və sosial şəbəkələrdə yazılanlardan məlum olur ki, reaksiyalar müxtəlifdir.
Onu qınamaq doğrudurmu? Cəfərquldiyevi hə, Abbasovu yox.
Elvin dəfələrlə «cızığ»ından kənara çıxmasaydı, Qurban Qurbanov barəsində belə sərt qərar verməzdi. Özü demişkən, axı bu ərköyünlük nə qədər və nəvaxta kimi olar?
Qurbanov kimi səbrli, təmkinli, hər addımını, hər hərəkətini yüz ölçüb bir biçən şəxs onun transferə çıxarılmasına razılaşıbsa, deməli, əlindən boğaza yığılıb, təngə gəlib.
İntizamsızlıq məsələsində bıçaq sümüyə dirənməsəydi, o, yenə tövrünü pozmaz, sakitcə problemi həll edərdi.
Günah, adətən, yıxılanda olur. Cəfərquliyev 1 aydır əvəzedici heyətin sıralarında yer alırsa, səbəbkar özüdür və üzləşdiyi vəziyyətin səbəblərini başqa yerdə axtarmamalıdır.
Ayxan Abbasova isə yalnız bu maraqlıdır - Elvinin hazırkı durumu. İşdir, müdafiəçi ötən müddətdə məşq etməsəydi, formadan uzaq düşsəydi, o, bunu biləcəkdi və rezonans doğuracağına şübhə bəsləmədiyi qərarı verməzdi.
Çağırıbsa, yəqin ki, Cəfərquliyevin son 1 aydakı durumu daim onun diqqət mərkəzində olub.
Elvin nə səhv edib, nə səhv etməyib, bu, «Qarabağ»ın daxili işidir. Klub hər mənada haqlıdır, sorğu-sualsız.
Elə Abbasov da haqlıdır. Çünki millidə Elvin gücündə, Elvin enerjisində, Elvin döyüşkənliyində futbolçu sayı çox azdır.
Martda Sumqayıtda keçirilən FİFA turnirində «ən yaxşı» seçilən sol cinah oyunçusunu belə tez silib atmaq da düz olmaz.
Millinin «futbolçu hovuz»u kifayət qədər balacadır və Elvin burada seçilirsə, baş məşqçi niyə ona növbəti dəfə şans tanımasın, güsənməsin?
Öz klubunda aylarla forma şansı qazanmayan Şahruddin Məhəmmədəliyevə dəvət göndərirsə, Elvinin siyahıda yer almasını niyə belə şişirdirik ki?
Sözsüz, Cəfərquliyev burada da hansısa hoqqa çıxararsa, daxili nizam-intizam kodeksini pozarsa, Ayxan Abbasov sərt üzünü göstərəcək.
Bu adamı o qədər də yumşaq biri zənn etməyin. Sifəti çöndüsə, heç rəhmətlik dədəsini tanımaz. Tipdir, «qırmızı xətt»i kiminsə tapdalamasısna göz yummaz.
ELNUR

