“Komanda Avropa çempionatına hazır vəziyyətdədir” - Baş məşqçi

00:50 Milli komanda 87
“Komanda Avropa çempionatına hazır vəziyyətdədir” - Baş məşqçi

İyunun 27-dən iyulun 4-dək Slovakiyada keçiriləcək minifutbol üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin bu gün mətbuat üçün açıq məşqi olub.

Sportinfo.az xəbər verir ki, hazırlıq prosesindən öncə millinin baş məşqçisi Elşad Quliyev sualları cavablandırıb.

- Hazırlıq prosesi necə keçdi? Komanda Avropa çempionatına tam hazırdır?

- Çox yaxşı təlim-məşq toplanışı keçmişik. Komanda çempionata hazır vəziyyətdədir. İlk oyundan əvvəl cəmi iki məşqimiz qalıb. Birini bu gün Bakıda keçirik, bir də oyunöncəsi son məşqimiz Slovakiyada olacaq. Komandada hər şey qaydasındadır. Avropa çempionatına istədiyimiz kimi hazırlaşa bilmişik.

- Heyətlə bağlı hansı çətinliklər var?

- Komandamızın əsas üzvlərindən Təmkin Xəlilzadə zədəlidir. O, son üç məşqdə iştirak etməyib. Eləcə də kapitan Elvin Əlizadə zədəlidir. Düzdür, o, son iki məşqdə iştirak edib. Amma tam hazır deyil. Qalan problemimiz yoxdur.

- Qrupdakı rəqibləri yaxından tanıya bilmisiniz?

- Qrupda Avstriya, Fransa, İtaliya ilə mübarizə aparacağıq. Hər biri yaxşı rəqibdir. Əlimizdən gələni edəcəyik. Məqsədimiz qrupda yaxşı nəticə qazanmaqdır.

- Millimiz qitə birinciliyinə dünya çempionu kimi yollanır. Belədə rəqiblər yığmamıza daha ciddi yanaşacaqlar. Bu məqam sizi nə dərəcədə narahat edir?

- Bu gün dünya reytinqində birinciyik. Bütün rəqiblər bizə çətinlik yarada bilər. Biz də əlimizdən gələni edəcəyik. Hazırlığımızı çox yaxşı keçmişik. Nəticə qazanmaq üçün tam gücümüzlə mübarizə aparacağıq.

- Adətən azərbaycanlı idmançılarda yaxşı nəticə qazanandan sonra bir qədər arxayınlıq yaranır. Dünya çempionluğundan sonra millimizdə belə problem yoxdur?

- Deməzdim arxayınlıq var. Həm də dünya çempionatı ilə müqayisədə heyətdə bəzi dəyişikliklər olub. Təzə oyunçularımız var. Biz də məşqçilər heyəti olaraq çalışırıq ki, hər yarışa tam doymuş şəkildə getməyək. İnanıram ki, oyunçularımız hamısı yuxarı səviyyəlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti