Azırbaycanın futbol millisi kubok qazandı.
Ölkəmizdə təşkil olunan “FİFA Series-2026” adlı turnirin qalibi Ayxan Abbasovun çalışdırdığı kollektiv oldu.
İlk matçda Sent-Lüsiya üzərində 6:1 hesabı ilə qalib gələn seçməmiz ikinci qarşılaşmada Syerra-Leoneni penalti seriyasında üstələməklə istəyinə çatdı.
Oyundan sonra milli üzvlərinin stadionda yaratdığı ab-hava, üç komandalı turnirin qalibi adını qazanmasını xüsusi coşqu ilə qeyd etməsi ölkədə gündəm yaratdı.
Azarkeşlər illərdir beynəlxalq arenalarda biabır olan, FİFA-nın reytinq sıralamasının “quyruğunda” yer alan Sent-Lüsiyanı məğlub etməyin, 90 dəqiqə ərzində bizimkilərə göz açmağa imkan verməyən Syerra-Leoneni penaltilər hesabına udmağın sevincini bu şəkildə bayram etməyin görüntüsünü qəbul edə bilmir.
Fanatların sosial şəbəkələrdəki paylaşımlarda yazdıqları rəylərin bir qismini təqdim edirik:
“Görən də elə bilər hansısa irimiqyaslı yarışın qalibi olmuşuq”.
“Güclü komandalar görsünlər ki, biz güclü rəqibləri necə məğlub edirik. Bizdən örnək götürməlidirlər”.
“Şükür, axır ki, dünya çempionu olduq. Zalımlar necə sevinirlər”.
“Qonşularımız dünya çempionatı üçün pley-off oynayır, bunlar Syerra-Leoneni penaltilərlə udub sevinir”.
“Temu”dan gələn kuboku qazandığınız üçün təbriklər”.
“Görək, AFFA bu dəfə bunlara nə qədər pul paylayacaq”.
“Özbəkistana, Gürcüstana, Türkiyəyə baxın, bir də özünüzə. Syerra-Leoneni udmağa necə sevinirlər”.
“Syerra-Leone oyun ərzində yaratdığı qol epizodlarının yarısını vursaydı, hesab azı 5:0 olacaqdı. Nəyə sevinirlər?”
“Futbol dünyasından uzaq qalmış, müasir futbola əli çatmayan millilərin başını qatmaq üçün belə məhəllə turnirləri təşkil edirlər. Bizimkilər də penaltilərlə qalib gəlib sevinir. O kubokun yerinə “squşonnaya” qabı versəydilər də, heç kim heç nə deməyəcəkdi”.
“Özbəkistan millisi dünya çempionatına vəsiqə qazananda bunlar qədər sevinmirdi”.
HƏBİB / SPORTİNFO.AZ

