Azərbaycan millisinin İsveç üzərində böyük hesablı qələbəsindən (3:0) 3 gün keçir.
Amma söz-söhbətlər hələ də bitmir.
Kimisi buna aşırı sevinir, kimisi də təsadüfi qələbə deyib keçir.
Düzdü, qaliblər mühakimə olunmur. Ortada real bir fakt var ki, millimiz özündən çox güclü bir yığmanı darmadağın edib.
Həm də baxımlı oyunla. Belədə futbolçularımıza, lap elə məşqçilər korpusuna alqış düşür.
Lakin digər reallıqları da unutmaq olmaz. Ki, İsveç Bakıya motivasiyasız gəlmişdi. Qələbə onlar üçün önəmli olsaydı, mənzərə yenə eyni olardımı? Yəqin ki, hamı üçün çətin sualdır.
Bunun fonunda bir parlaq qələbə ilə bütün problemləri kölgədə qoymaq zərərli ola bilər.
Belə vərdişdən az əziyyət çəkməmişik.
Yalnız İsveçlə matça yox, ondan əvvəl və sonraya da nəzər yetirsək yaxşı olar.
Əvvəl hər birimizə məlumdur.
Ardıcıl qazanılan 5 qələbə seriyası yəqin ki, hər kəsin yadındadır. Rəqiblər üçün ciddi mahiyyəti olmayan matçlarda qazanılan qələbələr seriyası belə bizə sonda heç bir qazanac vermədi.
Halbuki çox danışılır, şişirdilirdi. Sonda həmin mif də puç çıxdı. Qazanan kim oldu? Futbolumuzdan, millimizdən başqa hər kəs.
İndi isə sonranı gözləyək görək necə olur.
Sonrakı dönəmin ilk qarşılaşması bu gün Belçikaya qarşı səfərdə olacaq. Təbii ki, rəqibin gücü hər birimizə məlumdur. Belə olan halda De Byazinin yetirmələrindən mütləq qələbə gözləmək ağılsızlıq olardı.
Ancaq İsveçin daşını daş üstə qoymayan yığma gərək bu gün ən azı layiqli mübarizə ilə yadda qalsın. Bir xalla qayıtmaq da əla nəticə hesab oluna bilər.
Hə, bax onda gələcəyə yönəlik hansısa ümidverici fikirlər səsləndirə bilərik.
Əks halda, köhnə hamam, köhnə tasa niyə əl çalaq ki?
XANOĞLAN İMANOV

