“Neftçi”nin rəhbər şəxsi “Sportinfo”ya danışdı: “Bizdə geriyə addım yoxdur”

21:20 Neftçi 165
“Neftçi”nin rəhbər şəxsi “Sportinfo”ya danışdı: “Bizdə geriyə addım yoxdur”

“Neftçi” – “Qarabağ” qarşılaşmasından sonra (2:1) Cenk Sümerin sevincini görməyə dəyərdi.

“Ağ-qaralar”ın türkiyəli icraçı direktoru təbrikləri qəbul edir, sevincindən özünə yer tapmır, gözləri parlayırdı.

Emosiyaların zirvəyə yüksəldiyi anda sabiq “Beşiktaş”lı Sportinfo.az-ın suallarını elə həmin yerdə - qələbənin qazanıldığı meydanda məmnuniyyətlə cavablandırdı.

- Yəqin ki, bilirsiniz, “Neftçi” 2021-ci ilin mayın 19-dan bu yana “Qarabağ”ı uda bilmirdi...

- Bilirəm. Onsuz da məqsədimiz “Neftçi”ni haqq etdiyi, layiq olduğu yerə qaytarmaqdır. Klub olaraq çətin dönəmlərdən keçməkdəyik. Ağır məğlubiyyətdən sonra böyük bir dəyişiklik edib, əsl “Neftçi”nin adına reaksiya göstərib əzmkar qələbə qazandıq. O cür məğlubiyyətdən sonra komandanı oyuna hazırlamaq, qələbəyə kökləmək, döyüşkən ruh yaratmaq həqiqətən çətin idi. Azarkeşlərimiz boyunlarını bükməsin, “Neftçi” haqq etdiyi yerlərə gələcək.

- 1:5-dən sonra qələbəyə inam haradan, nədən yaranmışdı?

- Bizdə geriyə addım yoxdur. “Neftçi”nin adı uğur deməkdir. Bu adın özü bəs edir. Daha da yaxşı olacağına inanıram.

- Bu qələbədən sonra son 4 oyunda rəqiblər “Neftçi”yə qarşı ikiqat əzmlə oynayacaq.

- “Neftçi”ni özünə oxşamağa başladığı müddətdə rəqiblərin necə oynaması önəmli deyil. Əlbəttə, hər birinə böyük hörmətimiz var. Laım olan anda lazımi reaksiyanı verib lazım olan nəticəni alacağıq.

- Azarkeşlərə nə demək istəyirsiniz?

- Hər birinə sonsuz minnətdarıq. Qışda, yayda, istidə, qarda, yağışda, küləkdə hər zaman yanımızdadırlar. Allah hər birindən razı olsun. Biz də qazandığımız nəticələrlə onları sevindirməyə çalışırıq.

- Bu qələbəni tribunalarda möhtəşəm ab-hava yaratdan azarkeşlərə, yoxsa gəlişi ilə komandanı dirçəldən Yuri Verniduba həsr edirsiniz?

- Bu, fərd olaraq kiməsə yox, “Neftçi” camiəsinə hədiyyədir. Azarkelərimiz, Yuri Vernidub, texniki və inzibati heyət, futbolçular, bazada çalışanlar, rəhbərlik, ürəyi “Neftçi”ylə döyünən hər kəs bu hədiyyəyə layiqdir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti