Region ölkələri üzrə sosial göstəricilərin müqayisəsi zamanı Azərbaycanda hər min nəfərə düşən pensiyaçıların sayının Ermənistan və Gürcüstan ilə müqayisədə daha aşağı olması diqqət çəkir.
Bu fərq demoqrafik struktur, əmək bazarı və pensiya sisteminin xüsusiyyətləri ilə bağlı suallar yaradır və əsas məsələ bu göstəricinin hansı amillərlə formalaşdığını və sosial siyasət baxımından necə izah oluna biləcəyini müəyyən etməkdir.
Məsələ ilə bağlı demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Famil Niftiyev Azərbaycanda hər min nəfərə düşən pensiyaçıların sayının Ermənistan və Gürcüstanla müqayisədə daha aşağı olmasının bir neçə qarşılıqlı əlaqəli iqtisadi və demoqrafik amillərlə izah edildiyini bildirib.
"Bu fərqi başa düşmək üçün yalnız rəqəmlərə deyil, həm də həmin rəqəmləri formalaşdıran institusional mühitə diqqət yetirmək lazımdır. İlk növbədə, pensiya yaşının səviyyəsi əsas müəyyənedici faktorlardan biridir. Azərbaycanda son illərdə aparılan islahatlar nəticəsində pensiya yaşı mərhələli şəkildə artırılıb və bu gün region ölkələri ilə müqayisədə daha yüksək həddə çatıb. Bu isə o deməkdir ki, insanlar daha gec pensiya sisteminə daxil olur və nəticədə eyni vaxtda pensiya alanların ümumi sayı azalır. Ermənistan və müəyyən mənada Gürcüstanda pensiya yaşının nisbətən aşağı olması isə sistemə daxil olanların sayını artırır və statistik olaraq hər min nəfərə düşən pensiyaçıların sayını yüksəldir".
Ekspert bildirib ki, digər mühüm amil demoqrafik strukturla bağlıdır."
Azərbaycan əhalisinin yaş tərkibi regionun digər ölkələri ilə müqayisədə daha gəncdir. Doğum səviyyəsinin nisbətən yüksək olması və əhalinin ümumi sayının artması fonunda yaşlı əhalinin ümumi əhali içində payı daha aşağı qalır. Ermənistan və Gürcüstanda isə uzun illər davam edən miqrasiya prosesləri, xüsusilə gənc əhalinin ölkədən çıxması, yaşlanma prosesini sürətləndirib. Nəticədə bu ölkələrdə pensiya yaşına çatmış insanların payı avtomatik olaraq artır və bu da göstəricilərdə fərq yaradır. Pensiya sisteminə çıxış şərtləri də mühüm rol oynayır. Azərbaycanda pensiya hüququ əsasən rəsmi əmək fəaliyyəti və müəyyən sığorta stajının mövcudluğu ilə bağlıdır. Bu şərtlərin sərtləşdirilməsi nəticəsində hər yaşa çatan şəxs avtomatik olaraq pensiya ala bilmir. Yəni sistem daha selektiv xarakter daşıyır. Ermənistan və Gürcüstanda isə bəzi hallarda sosial yönümlü mexanizmlər daha geniş tətbiq edilir və əhatə dairəsi nisbətən böyük olur. Bu da pensiyaçıların ümumi sayını artıran faktorlardan biridir".
Onun sözlərinə görə, bununla yanaşı, əmək bazarının strukturu və qeyri-rəsmi məşğulluğun səviyyəsi də təsir göstərir.
"Azərbaycanda qeyri-rəsmi sektorun müəyyən paya malik olması səbəbindən bir çox insan rəsmi sığorta sisteminə tam şəkildə daxil olmur. Bu isə gələcəkdə onların pensiya hüququ əldə etməsini məhdudlaşdırır. Beləliklə, pensiya yaşına çatan insanların hamısı sistemdə əks olunmur və bu da statistik göstəriciləri aşağı salır. Məsələnin digər tərəfi dövlətin sosial siyasət prioritetləri ilə bağlıdır. Azərbaycanda pensiya sistemi daha çox maliyyə dayanıqlığı prinsipi üzərində qurulub. Dövlət Sosial Müdafiə Fondunun balansının qorunması və büdcə yükünün nəzarətdə saxlanılması məqsədilə pensiyaçıların sayının sürətli artımına yol verilməməsi üstün tutulur. Bu yanaşma daha az sayda benefisiar, lakin nisbətən sabit maliyyə təminatı modelini formalaşdırır. Ermənistan və Gürcüstanda isə sosial inklüzivlik elementi daha güclüdür, yəni daha geniş əhali qruplarının pensiya ilə təmin olunmasına üstünlük verilir. Bu isə sistemin əhatə dairəsini genişləndirsə də, fiskal yükü artırır".
Ekspert bildirib ki, nəticə etibarilə, Azərbaycanda hər min nəfərə düşən pensiyaçıların sayının daha az olması tək səbəblə deyil, pensiya yaşının yüksəkliyi, əhalinin daha gənc demoqrafik strukturu, pensiya hüququnun əldə edilmə şərtlərinin nisbətən sərt olması və dövlətin maliyyə dayanıqlığına yönəlmiş sosial siyasəti ilə kompleks şəkildə izah olunur.
Bu model qısamüddətli fiskal sabitlik baxımından üstünlük yaratsa da, uzunmüddətli perspektivdə sosial əhatə və bərabərlik məsələlərinin diqqətdə saxlanmasını zəruri edir", - deyə o fikrini yekunlaşdırıb.

