Elxan Məmmədov, immuniteti qorumaq üçün bunları ye!

30 Mart 2020 16:56 Köşə 1 189
Elxan Məmmədov, immuniteti qorumaq üçün bunları ye!

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyib.

Çox yox, cəmisi 4 min manat.

Olsun. İndiki halda fonda nə qədər vəsait ödənilməsinin əhəmiyyəti yoxdur. Əsas odur ki, adam vətəndaş məsuliyyəti hiss edir. Elxan Məmmədov da kasıb oğlandır, AFFa-dan cəmisi ayda 5 min manat məvacib alır.

Deməli, Məmmədov bir ay ərzində 1000 manatla dolanmalıdır. AFFA-nın rəhbərliyində yer alan digər şəxslər ondan da kasıb olduğu üçün Elxan müəllimə yardım edə bilməz. Yazıqlar heç AFFA-dan məvacib də almırlar. Neftin də qiyməti düşdüyü üçün əli lap aşağıdır.

Deməli, 1000 manatla bir ay ərzində acından ölməmək üçün qidalanmada norma tətbiq etmək lazımdır. Amma mərətə qalmış koronavirusdan da qorunmaq üçün immunitet gücül olmalıdır. Yəni yaxşı qidalanmaq lazımdır. Allah eləməsin, Elxan Məmmədov koronavirusa yoluxsa, futbolumuzun günü necə olar?

Məsələn, Oqtay Abdullayev elə icraçı vitse-prezidentə görə ağlamaqdan canını tapşırar. Buna yol vermək olmaz.

Ona görə də, Elxan Məmmədova bəzi ucuz qidalar tövsiyə edirik. Bu məhsulalr ucuz olsa da, immuniteti gücləndirir.

Elxan müəllim, bazara gedib 5-6 kilo mərci alın. Türk yox, yerli mərci. Bazarda qiyməti 1,2-1,5 manat arası dəyişir. Olduqca xeyirlidir. Onu heç olmasa gündə bir dəfə bişirtdirin.

Yeyəndə də süfrədə mütləq göyərti olsun. İndi göyərtinin də bol vaxtıdır. 15 dəstəsi 1 manatdır. Bazarda əvəlik adlı bitki də satılır. Bilirik, adını ilk dəfə eşidirsiniz.

Bazarda soruşsanız, göstərəcəklər. Ucuzdur, amma çox xeyirlidir. Xüsusən də, mövsümi qriplərin müalicəsində effektivdir. Ondan da alın. Gündə bir dəfə də ondan bişirtdirin.

Narahat olmayın, ətin əvəzini də verəcək. Bir ay ətsiz qalsanız immunitetiniz aşağı düşər, amma mərci ilə əvəliyi qida rasionunuza əlavə etsəniz, heç bir problem olmayacaq.

Siz bir ay belə yaşayacaqsınız, Azərbaycanda əhalinin əksəriyyəti il boyu belə yaşayır. Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etdiyiniz üçün sizə təşəkkür edirik, özünüzü qoruyun, Elxan müəllim.

Mərci, əvəlik yeməyi unutmayın, siz bizim futbola lazımsınız.

SPORTİNFO.AZ

Xəbər Lenti