Niyə Rəşad Sadıqov?

28 Fevral 2020 19:02 Köşə 1 219
Niyə Rəşad Sadıqov?

Onun adı son vaxtlar A millimizin baş məşqçisi vəzifəsinə namizədlər sırasında çəkilməyə başlayıb. İlk dəfə futbol ictimaiyyətindən Ramil Şeydayevin İTV-nin "Bol idman" verilişində səsləndirdiyi bu fikrə həm media, həm də futbol adamları münasibət bildirdilər ki, bunun lehinə olanlar da vardı, verilə biləcək mümkün qərarın tez olacağını düşünənlər də. Lakin bu məsələ ən çox diqqət çəkən məqam təklifin bir mütəxəssis deyil, milli komandanın hazırkı üzvü tərəfindən irəli sürülməsi oldu.

Şeydayev son seçmə mərhələdə ümumən uğurlu oyunu, mübarizliyi və xarakteri ilə seçilib və bu gün komandamızın liderlərindən hesab olunur. Şübhəsiz, tək Ramil deyil, millimizin bir çox futbolçusu öz aralarında komandaya gətiriləcək baş məşqçinin kimliyi ilə bağlı müzakirə aparırlar və güman ki, R.Sadıqovun namizədliyi üzərində duranlar da olur.

Bəs, onun milliyə gəlməsi uğurlu, yoxsa uğursuz ola bilər?

Bu sualların cavabına keçməzdən əvvəl yada salmaq lazımdır ki, AFFA-nın 32 namizədi sırasında yerli məşqçinin olmadığı rəsmən açıqlanıb. Amma həmin vəzifəyə azərbaycanlı futbol adamı bütün hallarda B variantı kimi həmişə düşünülür. Ona görə də artıq ən azı ictimai səviyyədə namizədlər sırasında R.Sadıqovun adı tez-tez və daha öndə çəkilir. Və bu, səbəbsiz deyil.

Əvvəla Sadıqov peşəkar karyerasını davam etdirsə də, məşqçi kimi müəyyən təcrübə toplaya bilib və bu, kənardan göründüyü kimi, heç də onun təkcə “Qarabağ”ın U-19 və U-21 millimizdəki keçmiş fəaliyyəti ilə bağlı deyil. Düzdür, bilinən faktlar da var. Məsələn, məlumdur ki, o, 36 yaşında UEFA-nın ali məşqçilik lisenziyası olan PRO-nu alıb. Bu dərəcəyə yiyələnən hər kəs istənilən ölkədə yüksək liqa və A milli komandanın baş məşqçisi işləyə bilər. Geniş bilinməyən fakt isə odur ki, Sadıqov 2018-ci ilin dekabrında U-21-lə yolları ayırdıqdan sonra belə klubu “Qarabağ”da məşqçi kimi faəlliyyət göstərib (qeyri-rəsmi). Daha dəqiqi, o, əvəzedici heyətin və U-19 komandasının bəzi üzvləri ilə şəxsən çalışmağa başlayıb, özü futbol oynaya-oynaya həm də təmənnasız olaraq, öz istəyi ilə futbolçu yetişdirmək kimi çətin bir işin altına girib, gənc yaşında həqiqi müəllim olub. Onlardan futbolumuzun gələcəyi hesab olunan üç nəfəri xüsusi qeyd edirəm: Musa Qurbanlı (18 yaş), Toral Bayramov (19 yaş) və Turan Vəlizadə (19 yaş). Turan sonradan “Qarabağ”dan “Neftçi”yə keçdi və artıq adı əsas komandanın sifariş ərizəsindədir. Musa və Toral da “Qarabağ”da A komandaya cəlb edilib və Premyer Liqamızda debüt də edib.

Sadıqovun digər gənclərin yetişməsində də əməyi az deyil. Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da təsdiqləyir. Ötən bazar günü “Sumqayıt”la oyundan sonrakı mətbuat konfransında gənc futbolçularla bağlı suala onun maraqlı cavabı oldu: “Gənclərimizin hər birinin böyük potensialı var. Onlara Rəşad Sadıqovun uşaqları deyirəm. Hamısını o tapıb”.

Əlbəttə, bunlar bir gənc məşqçinin yazılmayan CV-sində nə qədər müsbət məqam kimi keçsə də, ilk baxışda A milli kimi çətin məsuliyyətin altına girmək üçün yetərli deyil. Çünki məşqçi kimi təcrübənin azlığı qeyd edilə bilər. Amma artıq uzun illərdir müasir futbolda gənclərə etimad göstərilməsi kimi mərhələ başlayıb. Bu təcrübə nəinki klublar, A millli komandalarda sınanıb və müsbət nəticəsini göstərib. Məsələn, Rayan Giggzin ilk dəfə baş məşqçi kimi (özü də milli komandada) Uels millisində debütü uğurlu alındı və onun komandası “Avro-2020”yə vəsiqə qazandı.

Bəs, biz niyə futbolda gedən bu prosesdən kənarda qalaq? Ümumiyyətlə, ötən 11 il təsdiqlədi ki, əcnəbi məşqçilər Azərbaycan futboluna heç nə verməyib. Deməli, bu uğursuz təcrübədən imtina edilməli, milli üçün uzun müddətli inkişaf konsepsiyası hazırlanmaqla yerli və gənc (!) məşqçilərə güvənilməlidir. Daha da önəmlisi o məşqçilərə də millinin oyunçuları inanmalı, hörmət və qəbul etməlidir. Bu gün Ramil Şeydayevin Rəşad Sadıqovun adını çəkməsi bunların təsdiqidir. Və əlbəttə, bu, bir günün yox, aylar, illər hesabına formalaşmış bir fikirdir.

Rəşad futbolçular üçün rahat biridir. Onlara münasibətdə tək məşqçi yox, yeri gələndə mənəvi qardaş olur. Futbol zehniyyəti dərin və müasirdir, hər zaman müsbət yeniliyə can atır. Qarşısındakını inandırmaq kimi fitri ustalığı, vergisi var. Komanda daxilində intizamı qurmağı bacarır (ən vacib amillərdən biri). Bunu pozub daxili mühiti korlayanlara qarşı sərtdir. Daha bir özəlliyi: yaxşı motivatordur. Kənardan emosional olsa da, bilməyərəkdən səhv edən futbolçusunu paltardəyişmə otağında qışqırıb danlamır, yaxud hay-küy qaldırmaqla qeyri-etik nəsə demir, əksinə onu ruhlandırır, uğura kökləyir. Bu və bilinməyən digər özəllikləri səbəbindən futbolçular arasında həm insan, həm futbolçu, həm də yaxşı məşqçi kimi nüfuzu var.

Bunu millimizin digər üzvü Bəhlul Mustafazadə “Futbolpress”ə müsahibəsində də təsdiqləyir: “Rəşad Sadıqovla U-21 yığmasında işləmişəm, məşqçilik metodlarına bələdəm. Düşünürəm ki, milli üçün faydalı ola bilər. Onun işə yanaşma tərzi, komandada yaratdığı əhval-ruhiyyə hədsiz xoşuma gəlib. Əgər Rəşad millidə olarsa, komanda üçün yaxşı olar”.

Bu gün futbolçu karyerasını davam etdirən Sadıqovun adının milliylə hallanmasını demək olar ki, heç kim təəccüblə qarşılamadı. Çünki əvvəla hamı buna hazırdır. İkincisi, Sadıqov onsuz da uzağı bu mövsümün sonu karyerasını başa vuracaq artıq onun məşqçiliyə başlaması üçün ideal bir vaxt yetişib. O vaxt isə bəlkə heç mövsümün sonu da deyil, elə indidir (qol.az)...

Aydın BAĞIROV

Xəbər Lenti