Zaur Həşimovun iflasa uğrayan müdafiə planı

25 Fevral 2020 18:34 Köşə 1 110
Zaur Həşimovun iflasa uğrayan müdafiə planı

Premyer Liqanın 7-ci turundan sonra Samir Abasovla gözlənilmədən yolları ayıran "Zirə" Zaur Həşimovu böyük ümidlərlə komandaya baş məşqçi təyin etdi.

Deyəsən, böyük ümidlər elə ümid olaraq da qalacaq.

Hər halda Zaur Həşimovun rəhbərliyi altında qazanılan nəticələr bunu deməyə əsas verir. Gəldiyi ilk gündən heyətdəki əcnəbilərin yararsızlığından, yerli futbolçuların azlığından gileylənən Həşimovun ilk addımları da onları "vurmaq" oldu.

Gənc baş məşqçi radikal dəyişiklərə müdafiə xəttindən start verdi. Samir Abasovun dönəmində əsas heyətin daimi üzvü olan gənc Rafael Məhərrəmli ehtiyat skamyaya göndərildi.

Nəzərə alaq ki, Məhərrəmli "Zirə"də yaş limitini qarşılayan azsaylı futbolçulardan biridir. Arxa zonadakı "təmizləmə" qış fasiləsində də davam etdirildi.

Belə ki, Samir Abasovun dövründə əsas heyət futbolçuları sayılan daha iki müdafiəçi - Bəxtiyar Həsənalizadə və Papazoqlu Anastasios da Antalya toplanışına aparılmadı, əvəzedici komandaya göndərildi.

Əvəzində arxa xəttə Ali Sisay transfer olundu və formasından çox uzaq düşən Yovan Krneta geri qaytarıldı. Elə "Zirə"nin əsl həngaməsi də bundan sonra başladı.

Samir Abasovun dönəmində 7 tura 8 qol buraxan birinci zona Zaur Həşimovun gəlişindən sonra - qış toplanışına kimi keçirilən növbəti 7 turluq periodda bu rəqəm 14-ə yüksəldi.

Həşimovun yeni il öncəsi əsas problemi çözəcəyi gözlənilsə də, bu, yenə baş vermədi. Əksinə, Antalya toplanışından sonrakı göstəricilər daha biabırçı mənzərəni ortaya qoydu: 4 oyun və buraxılan 12 qol!

Üçüncü dövrənin ilk 4 turundakı statistika həm də Zaur Həşimovun müdafiə planında etdiyi islahatların tam iflası demək oldu. Artıq Bəxtiyar Həsənalizadə əsas komandaya qaytarılıb və hətta son turda "Keşlə" ilə oyunda 90 dəqiqə meydanda olub.

Olmaya, müdafiədəki islahatlardan sonra böyük uğursuzluq yaşayan Həşimov səhvlərini başa düşüb?

Hər halda qarşıdakı turlarda Rafael Məhərrəmlinin də əsas komandaya qaytarılmasını görsək, təəccüblənmərik. Düzdür, ziyanın yarısından dönmək də xeyirdir, amma bu qərarlar 39 yaşlı mütəxəssisin "Zirə"də heç də yaxşı görsənməyən gələcək karyerasına xeyir gətirəcək ya yox, bunu zaman göstərər.

Xanoğlan İmanov

Xəbər Lenti