AFFA niyə utanmır? - "Öz evimizdə qonaq olacağıq"

10 Yanvar 2020 19:20 Köşə 2 467
AFFA niyə utanmır? -

1958-ci il sentyabrın 28-i Moskvada - Lujnikidə qitə və dünya futbolunda yeni səhifə açıldı. SSRİ - Macarıstan seçmə oyunu ilə Avropa çempionatlarına start verildi.

Həmin oyunun iştirakçılarından olan bakılı Ələkbər Məmmədov bilmirdi ki, zaman gələcək və onun doğulub boya başa çatdığı, futbolda ilk addımları atdığı şəhər nə zamansa qitənin ən mötəbər futbol turnirinin final mərhələsinin oyunlarına ev sahibliyi edəcək.

O zaman ən yaxşı futbolçulara verilən 10 nömrəli futbolka ilə SSRİ yığmasınının heyətində Avropa çempionatları tarixində ilk matçda 90 dəqiqə meydanda olan əfsanəvi azərbaycanlı hücumçu böyük ehtimalla, bu qarşılaşmada topa ilk zərbə vurmuşdu.

Bu isə o deməkdi ki, Avropa çempionatları bir azərbaycanlının, futbolumuzun yetirməsinin zərbəsi ilə start götürüb. Tarixi oyununun ən maraqlı kadrlarını izləmişəm. Amma qarşılaşmanın tam videoyazısını hələ ki, tapa bilməmişəm. Bu matçın tam videoyazısını tapmaqda yardımçı olması və ən azından matçda ilk zərbəni kimin vurmasını dəqiqləşdirməsi üçün Rusiyanın "Matç TV" telekanalında çalışan tanınmış şərhçi, həmyerlimiz Elvin Kərimovdan xahiş etmişik. Ələkbər Məmmədovun topa ilk zərbəni vurduğu dəqiqləşsə və həmin kadr tapılsa, AVRO 2020-də Bakıda keçiriləcək matçlara normal bir videoçarx hazırlamaq olar.

Amma bu tarix istənilən halda Ələkbər Məmmədovla başlayıb. Ələkbər Məmmədovun ötürdüyü topa növbəti diqqətçəkən zərbəni futbolumuzun daha bir əfsanəsi Anatoli Banişevski endirib.

1968-ci idə futbolumuzun bir başqa yetirməsi Nikolay Smolnikovla İtaliyada keçirilən AÇ final mərhələsində iştirak edən Banişevski, tarixdə ilk və son dəfə yarımfinalda ev sahiblərinə uduzdurulub medalsız qalsa da, cəmi 4 il sonra qitə çempionatının gümüş medalını qazanıb. Həmin çempionatın seçmə oyunlarında SSRİ yığmasının hücumunda Banişevski ilə duet təşkil edən və qollarını sıralayan futbolumuzun şanlı yetirmələrindən Vitali Şevçenko ağır zədə səbəbindən final mərhələsinə yollana bilməyib.

1968-ci ildə isə AÇ-nin final mərhələsində daha bir həmyerlimiz Kazbek Tuayev də iştirak edə bilərdi. Amma Avstriya ilə səfər matçından bir gün əvvəl SSRİ yığmasının qaldığı oteldə baş verən hadisə hər şeyin üstündən xətt çəkdi. Sovet futbolunun gəlmiş keçmiş ən istedadlı futbolçusu hesab edilən Eduard Streltsovla Anatoli Banişevski deyilənə görə oteldə qaldıqları otaqda spirtli içki içib. Sovet futbolunun əfsanələrindən birinə çevriləcək gənc Anatoli Bışovets isə bunu bilərək lazımı yerlərə xəbərçilik edib. Gəncin xəbərçiliyindən agah olan təcrübəli Tuayev Bışovetsi babat əzişdirib. Ertəsi – 1967-ci ilin oktyabrın 15-i hazırki "Ernst Happel", o zamankı "Praster" stadionunun yaşıl meydanına çıxan futbolçular arasında həm Banişevski, həm Streltsov, həm də Bışovets vardı. Tuayev isə …SSRİ milli komandasından birdəfəlik qovulmuşdu. El arasında "çujoy poxmel" getmək deyiminin ən bariz nümunəsi bu olsun gərək.

Bir neçə il əvvəl uşaqlar arasında keçirilən Banişevski turnirində köhnə "Neftçibaza"da TV-dəki həmkarlarımdan birinə Kazbek müəllimin həm turnir, həm də Banişevski haqda xatirələri haqda fikirlərini öyrənməyi məsləhət gördüm. Keçmiş komanda yoldaşından veteran futbolçumuzdan daha yaxşı danışacaq adam olmadığını düşünürdüm. Amma Tuayev Banişevski haqda heç nə danışmadı. Bəlkə də 1967-ci ildə baş verən həmin hadisə Tuayevin qəlbində Banişevskiyə qarşı əbədi bir soyuqluq yaratmışdı.

…Avropa çempionatları tarixində ilk matçda Ələkbər Məmmədovun başladığı "AÇ topunu" 1972-ci ildə
Brüsseldə, "Eyzel" stadionunda, qitə çempionatının finalında Anatoli Banişevski doğulduğu gündən ölənəcən heç bir şəhərə dəyişmədiyi sevimli Bakısına ötürdü.

Və bu il paytaxtımız möhtəşəm bayrama ev sahibliyi edəcək. Çox təəssüf ki, AFFA-nın yarıtmaz fəaliyyətinə görə biz evimizidəki bayramda özümümüzü qonaq kimi hiss etməli olacağıq. Banişevskinin "ötürdüyü topu" qəbul edib, qol zərbəsi vuracaq futbolçu yetişdirə bilməmişik

Qitə çempionatını qəbul edəcək 12 ölkə arasında final mərhhələsində iştirak şansını itirmiş yeganə ölkəyik. Futbol bayramı ölkəmizdə keçirilsə də bu bayramda özgəyik. Ələkbər Məmmədovla Anatoli Banişevskinin ruhu furbolumuzu bu günə salanları bağışlamayacaq…

Anar Şabanoğlu

Xəbər Lenti