İt hürən, yoxsa işıq gələn tərəf?

29 Noyabr 2019 16:38 Köşə 2 033
İt hürən, yoxsa işıq gələn tərəf?

İş o yerə gəlib çatdı ki, artıq sosial şəbəkədə hər hansı status yazmağa da qorxuram. Söhbət iş yerimi itirmək təhlükəsindən, müdirin danlağından və ya maaşımın kəsilməsindən getmir. Səbəb başqadır və məncə, daha ciddidir.

Adətim üzrə "facebook"da gündəm olan mövzulara münasibət bildirər, millimizin,"Qarabağ"ın oyunlarından sonra nəsə yazardım. İndi bunu edə bilmirəm, yox, şükür internetim var, telefonum da normal işləyir. Əslində beynimə gələn fikirlər, deyəcək sözlər də var. Sadəcə artıq tərəf olmaq istəmirəm, hansısa cəbhədə yer almaq mənlik deyil. Mənimki odur ki, ağlıma, ağzıma nə gəldi, yazım.

Təəssüf ölkə futbolunu, ölkə mətbuatını, jurnalistikasını elə günə saldınız ki, artıq nəsə paylaşmaq, yazmaq mənim üçün ağırdır.

Azərbaycan idman mətbuatı indi vətəndaş müharibəsi dövründəki Rusiyanı xatırladır. Azacıq səhv etdin, adın ya bolşevik çıxacaq, ya yunker olduğunu deyib alnının ortasından vuracaqlar. Niyə bu vəziyyətə gəldik ki, bir cəbhə "Qarabağ"ın uduzmasına sevinir, digər tərəf millinin cəmi 1 xal qazanmasına? Sual verməməyi qəhrəmanlıq hesab edənlər, sual verəndə vəkil olanlar - budur jurnalistika? Mən də Rəşadın səhvlərindən, Qurban Qurbanovun Avroliqa öncəsində mərkəz müdafiəçisi almamasından, Azərbaycan çempionatının Bakı birinciliyinə döndərilməsindən, Yurçeviçə, Lippertə, Velebitə pulların havayı yedizdirilməsindən yazmaq, bağırmaq istəyirəm, amma qorxuram. "Qurbançı", "Elxançı" damğası ilə tuş gəlməkdən qorxuram. Ona görə susuram, kənardan baxıram, hərdən bu vəziyyətə gülür, hərdən də indiki kimi dilxor oluram.

Tərəflər bir-birinə qarşı acımasızdır. Təbii ki, onları bu vəziyyətə salanlar var, hər tərəf öz "qanunlarını", öz maraqlarını yeritməyə, diqtə etməyə çalışır. Ya hansısa cərgəni seçməlisən, ya da mənim kimi sərgərdan olub ortalıqda qalacaqsan.

İndi "Qarabağ"dan, Qurbanovdan, Rəşaddan tənqidi nəsə yazan kimi AFFA tərəfinin sevimlisinə çevirilirsən, bu yan sənə xor baxmağa başlayır. Elə ki, Elxan Məmmədovdan, futbolumuzu bu günə salanlardan nəsə yazdın, avtomatik adını qoyurlar "Qarabağşünas".

Slovakiyayaya gedənlər İspaniyaya yollananlara, "Ramon Sançes Pisxuan"da şəkil çəkdirənlər Trnavanı görüb qayıdanlara acıq verir. Biri idman mətbuatına yaxından-uzaqdan aid olmayanı jurnalist kimi yanına salıb aparır, digəri də acığa düşüb 26 nəfərlik heyət düzəldir.

Çətindir, çox çətindir, neytrallığı qorumaq və eyni zamanda hər iki cəbhənin qəzəbinə tuş gəlməmək.

Bir tərəf işıq gələn, digər istiqamət it hürən tərəfdir. Salamatı hər ikisinin ortasında dayanmaq və səhərin açılmasını gözləməkdir.

ELNUR

Xəbər Lenti