"Qarabağ”dakı KİŞİ KİMİ KİŞİ – Halalın olsun!

13 İyul 2022 21:20 Köşə 3 447
"Qarabağ”dakı KİŞİ KİMİ KİŞİ – Halalın olsun!

“Qarabağ”ın “tank” ləqəbli futbolçusu var – Kevin Medina.

Adam Kolumbiya vətəndaşıdır, orada doğulub-böyüyüb, amma daxilən azərbaycanlıdır.

Bir azərbaycanlıya məxsus bütün keyfiyyətlər onda cəmlənib. İstiqanlıdır, emosionaldır, düşdüyü mühitdə baş çıxarandır və ən vacibi, mübarizdir, döyüşkəndir.

Onu azərbaycanlılıqdan çıxaran dərisinin rəngi və danışdığı dildir. Onları da yoluna qoysa, əla.

“Lex”den səfərdə buraxılan yeganə qolda Maksim Medvedevlə birgə kobud səhvin müəllifi olmuşdu. Komandası oyunu məğlub başa vurdu, Medina isə matçdan dərhal sonra “instagram” hesabında “Bakıda görüşərik” mesajını verdi.

Həmin mesaj “Lex”in futbolçularına idi, “Bakıda dərinizi soyacağıq” mənasını verirdi.

Bakıdakı qarşılaşmada buraxılan erkən qol belə, Kevinlə komanda yoldaşlarını ruhdan salmadı. Birləşdilər, döyüşdülər və lazım olan nəticəni artıqlaması ilə əldə etməyi bacardılar.

“81 nömrə” Kadi Borgeslə birgə “Qarabağ”ın ən yaxşısı futbolçusu kimi alqış qazandı. Mərkəz müdafiəçisi 2 qolun assistini edib, özü də rəqib qapısının torunu silkələməyi bacardı.

Medina Polşada verdiyi sözü tutaraq “Lex”in başına özlərinin də təsəvvür etmədiyi oyunu açdı.

Təkcə burada pul qazanan legioner kimi yox. Həm də Qarabağın adını Avropada uca tutmaq, şəhidlərin ruhunu şad etmək üçün meydanda canını qoyan əsl azərbaycanlı kimi. Bu, təkcə mübarizlik deyil, həm də kişilik nümunəsiydi. Bir çoxlarının Kevin Medinadan öyrənməli olduğu həmin kişilik nümunəsi.

Halalın olsun, qazandığın pul, içdiyin su, yediyin çörək, udduğun hava! Sözünə əməl edən kişi kimi kişi!

HƏBİB

Xəbər Lenti