Qurbanın vəhdəti

13 Aprel 2022 23:00 Köşə 911
Qurbanın vəhdəti

Bu gün onun günüdür. Bu gün futbol ictimaiyyətində hər kəs ondan yazır, ondan danışır. Səmimi təbriklərini, xoş xatirələrini bölüşürlər.

Təbii ki, söhbət ölkənin bir nömrəli mütəxəssisi Qurban Qurbanovdan gedir. O, təkcə buna görəmi sevilir? Xeyr!

Bəli, göstərdiyi nəticələr fantastikadır. Saydıqca bitməz və illərdi artan templə davam edir. Amma Qurbanov yalnız bu nəticələrin fonunda yaxşı məşqçidi deyə sevilmir.

Qurban Qurbanov həm də yaxşı insandır. Ədalətli, diqqətli, səbrli və ən önəmlisi sadə biridir. Amma yalnız buna görə də sevilmir.

Ona olan bu qədər sevginin, sayğının, hörmətin mənbəyi yaxşı məşqçi və yaxşı insan olmağın vəhdətidir.

Bəli, onu sevimli edən bu vəhdətdir. Ki, illərdi özü ilə yanaşı daşıyır, daha da təkminləşdirir. Nə uğursuzluqda, nə də uğurda bu vəhdətin qolları artıb-azalmır. Məhz onu sayəsində ölkə futbolunu həqiqi sevənlər "bizdə də futbol ola bilər" şuarının ətrafında vəhdət ola bilir. Bu yolda inamı, ümidi verən odur, nəticələridir.

Ona 50-ci doğum günündə edə biləcəyim ən xoş arzu da elə budur - Vəhdətin pozulmasın, Hoca!

Allah uğurlu və yaxşı insan olmağın vəhdətini sona kimi səndə saxlasın. Ki, bunda həm də Azərbaycan futboluna böyük fayda var.

Təbriklər, Qurban Qurbanov!
Təbriklər, bir nömrəli məşqçimiz!
Təbriklər, yaxşı insan!

XANOĞLAN İMANOV

Xəbər Lenti