Sahibkarlara bəd xəbər - Qaçın, AFFA sizi axtarır!

1 İyun 2021 17:00 Köşə 1 682
Sahibkarlara bəd xəbər - Qaçın, AFFA sizi axtarır!

Mayın 31-də AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

İclasda olduqca mühüm xəbərlər çatdırılıb cəmiyyətə.

Bildirilib ki, AFFA FİFA-nı növbəti dəfə “qazlayıb” (ürəyinizə yatırsa, loxlayıb da oxuya bilərsiniz).

AFFA rəhbərliyi Tovuzda divarlarına üzlük çəkdiyi, adını “futbol akademiyası” qoyduğu binanın həyətində uşaqların topu ora-bura vurması üçün il ərzində 400 min manat lazım olduğunu hesablayıb.

Qurum FİFA-ya müraciət edib. FİFA da bu “möhtəşəm” layihəni maliyyələşdirməyi boyun olub. Əhsən! Adamlar həqiqətən də olduqca istedadlıdırlar.

Fərasət bax ey, FİFA-nı bir dəfə aldatmışdılar, ikinci dəfə də aldada bildilər. Elə Tovuzdakı “akademiya”nın da xərcini FİFA ödəmişdi. Köhnə binanın divarlarına 3 manatlıq üzlük çəkmək üçün düz 4 milyon manat almışdılar FİFA-dan.

Çox maraqlıdır, FİFA ayırdığı pulun hara və necə xərcləndiyini yoxlamır? Axı tikintidən anlayışı olmayan əməkdaşını da Tovuza göndərsəydi, adam görərdi ki, orda 4 milyon yox, 400 min ancaq xərclənər.

Yəqin ki, yoxlamır. Yoxlamırsa, AFFA da növbəti dəfə loxlayır. Lap əcəb edir. Düzü, sevinirəm, AFFA-nın FİFA-nı belə loxlamasına.

Böyük ehtimalla, AFFA rəhbərliyi FİFA-dakıları inandırıb ki, Tovuzda Messi, Ronaldo, Salah, Levandovski yetişdirəcəklər. Bir daha əhsən! İşinizdə olun.

Ancaq azərbaycanlı sahibkarlara da bəd xəbərim var. İcraiyyə Komitəsinin iclasında qərara gəlinib ki, birinci divizionda çıxış edən komandalara sponsorlar tapılsın. Özü də bu sponsorlar Azərbaycanda tapılmalıdır.

Elə iclasdan dərhal sonra AFFA-da əməliyyat qrupu yaradılıb və onlar sponsor axtarışına başlayıblar. Sahibkarlarımıza xəbərdarlıq etməyi özümə borc bilirəm:

Qardaşlar dişlə-dırnaqla özünüzə iş qurubsunuz, bir az pul qazanıbsınız. Olduqca ehtiyatlı davranmağınız vacibdir.

Nöşün ki, AFFA rəsmiləri dildən çox pərgardırlar. O qədər pərgardırlar ki, ilanı da yuvasından çıxardarlar. Adamlar FİFA-nı iki dəfə aldatmağı bacarıblar, indi görün sizin başınıza nə oyun açarlar.

Bu təhlükəni nəzərə alıb sizə xəbərdarlıq edirəm: Azərbaycanda futbola pul yatırmayın. Çünki Azərbaycanda futbol yoxdur. Nə qədər ki, AFFA-da rəhbərlik dəyişməyib ölkədə futbolun olacağı da gözlənilmir.

Qaçın, AFFA axtarışa başlayıb. Onlar axtarırlarsa, tapacaqlar sizi, hələ inandıracaqlar da ki, futbola yatırım etmək lazımdır, vacibdir.

Qaçın, başınız götürüb qaçın ki, dişlə-dırnaqla qazandığınızı xilas edə biləsiniz.

Məndən xəbərdarlıq etməkdir, qalanı öz işinizdir.

Natiq Muxtarlı

Xəbər Lenti