Qurban Qurbanov və Samir Abasovu gözləyən problemlər

1 Aprel 2021 16:00 Köşə 2 399
Qurban Qurbanov və Samir Abasovu gözləyən problemlər

Qətərdə keçiriləcək DÇ-2022-nin seçmə mərhələsinin oyunları ilə bağlı Azərbaycan Premyer Liqasında yaranmış fasilə başa çatdı.

Böyük maraqla gözlənilən çempionluq mübarizəsi "Neftçi" və "Qarabağ" arasında qaldğı yerdən davam edəcək.

Hazırda hər iki komandanın xalları eyni olsa da aralarındakı oyunlara görə üstünlük "Neftçi"də olduğu üçün liderlik kürsüsündə də Samir Abasovun yetirmələri qərar tutub.

3 həftədən artıq fasilə müddəti çempionluq mübarizəsi aparan hər iki kluba nə kimi zərbə vurdu?

"Qarabağ"dan milli komandalara çox sayda futbolçu qoşulmuşdu. "Neftçi"dən dəvət alanların sayı az olsa da yox deyildi. Görəsən, futbolçular indi klublarına hansı durumda qayıdıb? Baş məşqçiləri əsas qayğılandıran məsələ təbii ki, məhz budur.

Toplanış müddətində ilk pis xəbər Qurban Qurbanov üçün gəldi. Qara Qarayevin aldığı zədə onun Portuqaliya ilə oyun üçün İtaliyaya getməyə hazırlaşan heyətdən kənarda qalmasına səbəb oldu. Heyətdən çıxarılan futbolçu baş tutan 3 görüşün heç birində iştirak etmədi. Təcrübəli futbolçunun qarşıdakı tur "Keşlə" ilə oyunda meydana çıxmayacağı da dəqiqdir.

Qurbanov üçün növbəti acı xəbər Mahir Emrelidən gəldi. Serbiya ilə görüşün gedişində ehtiyatdan meydana çıxan futbolçu zədə səbəbindən bir neçə dəqiqə sonra əvəzlənmək məcburiyyətində qaldı.

Onun da "Keşlə" ilə oyunu buraxacağı dəqiqdir. Hər iki futbolçu "Qarabağ"ın əsas heyət üzvü sayılır. Təbii ki, onların itkisi Qurbanovu qayğılandırmaya bilməz.

Sona cəmi 8 tur qalır. "Keşlə" ilə oyunu çıxsaq say 7-yə düşür. Adları çəkilən futbolçuların zədədən sonra öz formalarını bərpa etməsi də ən azı 2 həftə çəkəcək. Qurbanov artıq indidən onları necə əvəz etməyin yollarını tapmalıdır.

"Neftçi" üçün isə problem tam başqadır. Millinin heyətinə qoşulan futbolçular tam sağlam komandaya qoşula biliblər. Emin Mahmudovu uzun aradan sonra millidə inamlı çıxışı isə sözsüz ki, klubda da öz müsbət təsirini göstərəcək.

Mamadu Kanenin Keniyada qol siftəsini eləməsi də klub adına sevindirici məqamdır. Sirr deyil ki, bu hadisə Kanenin də öz motivasiyasını yüksək tutmasına kömək etmiş olacaq.

Yeganə üzücü məqam Namiq Ələsgərovla bağlıdır. Amma o da sıradan narahatçılıq deyil. Söhbət vurduğu 14 qolla "Neftçi"nin lider olmasında böyük zəhməti olan bombardirdən gedir.

Portuqaliya ilə oyunda gözlənilmədən ehtiyatda qalan hücumçuya Qətərlə oyunun əsas heyətində də yer tapılmadı. Əsəgərova ən ağır zərbə isə Serbiya ilə oyun öncəsi vuruldu. Bu dəfə nəinki əsas heyət, ümumiyyətlə, Namiqin adı oyunun iştirak ərizəsinə də layiq görülmədi. Bu məqamın futbolçunu psixoloji durumuna təsir edəcəyi mütləqdir. Belə durumda baş məşqçi Samir Abasovun üzərinə böyük məsuliyyət düşür. Ki, əsas qol silahı ruhdan düşməsin və daha böyük əzmlə qarşıdakı oyunlara hazırlaşsın. Yoxsa çətin olacaq.

Qurban Qurbanov zədəlilərin fonunda kasad heyətlə komandasının büdrəməsinə imkan verməməlidirsə, Samir Abasovu da "Neftçi" ilə bərabər həm də əsas hücumçusu Namiq Ələsgərovun olanlardan büdrəməməsinə səy göstərməlidir. Hər iki tərəfin bəlli problemləri var. Kimin o problemlərdən necə çıxacağını isə zaman göstərəcək.

Xanoğlan İmanov

Xəbər Lenti