Klublar, qərəzə hazır olun! -O, qırmızı-qırmızı yalan danışır!

16 Fevral 2021 19:40 Köşə 1 486
Klublar, qərəzə hazır olun! -O, qırmızı-qırmızı yalan danışır!

Azərbaycanda futbolun ümumi durumu bəllidir.

Ölkə futbolu 8 komandalı çempionatın, reallıqda "açıq Bakı birinciliyinin" ümidinə qalıb.

Nə qədər deyilsə də ki, səviyyə qorunur, klublarımızın UEFA əmsallar cədvəlindəki mövqeyi göz önündədir.

50-dən artıq ölkə arasında İlk 20-yə çatmışdıq.

10 il öncə Azərbaycan 37-38-ci sıraları bölüşürdü. Qısa müddətdə fantastik irəliləyiş əldə edilmişdi. Hər dəfə son 5 ilin nəticələri əsas götürülür, hər mövsüm mövqeyimiz ildən-ilə zəifləyir.

Uşaq futbolundan danışmağa dəyməz. Müstəqil ekspertlər, jurnalistlər, azarkeşlər problemləri qabardanda, "qərəz" kimi qəbul olunur. AFFA-da əyləşən yığma məşqçiləri heyətə futbolçu tapmadıqlarından imdad edirlər. Onlardamı "gəmidə" oturub qərəzlə, daxili sabotajla məşğul olurlar?!

Bunlarla yanaşı, futbolun ayrılmaz sahələrindən biri hakimlikdir. Qış fasiləsindən sonra idarəçiliklə bağlı kəskin etirazlar çoxalıb. Əvvəl də beləydi.

Çempionat sona yaxınlaşdıqca, klublar qış yuxusundan oyanır, hər qazanılmış və ya itirilmiş xalın önəmi artır...

Hakimlərə ideal şərait yaradılıb. Bu sahə de-fakto PFL-n nəzarətində olanda da beləydi. Hətta, daha artıq idi. Antalyada təlim-məşq toplanışları, təchizat yüksək səviyyədə idi. İndi külli-ixtiyar komitənin əcnəbi sədrinə həvalə edilib...

Avstriyalı F.Stuxlikin "əməyi" sayəsində hər tur, hər oyun nəticəyə birbaşa təsir edən hakim səhvlərinin sayı-hesabı itib. Kubok görüşlərində pik həddə çatmışdı. Çempionatda rahat dövranını sürən, idarəçilik haqda danışmaq istəməyən məşqçilər dilə gəlib artıq...

Stadionların müasirliyi, təhlükəsizliyin yüksək səviyyədə olması, ideal meydançalar, sözə baxan komandalar, futbolçuların haqsızlıqlara belə dözümlü, müsbət davranışı, boş tribunalar, hakimlərə heç bir təzyiqin olmaması... Belə şəraitdə elə səhvlər olmur, olmamalıdır...

Avstriyalı "professor" hansısa epizodla bağlı AFFA rəhbərliyinin sualına, gözlərinin içinə baxa-baxa, qırmızı-qırmızı yalan danışır. Sabah deyəcək ki, hakimlərimi müdafiə edirdim.

Əslində isə öz paxırlarının üstünü ört-bastır etmək cəhdindən başqa bir şey deyil...

Daxildə obyektivlik axtarışının üstünə yalan toxumu səpilir. Bu cür davranan insan, hakimlərini necə öyrədəcək, oyunlara necə hazırlayacaq?! Hakimlərin əksəriyyəti gəncdir, idarəçilikdə səhvləri qaçılmazdır. Dərəcəsi var, belə yanaşma ilə onların inkişafı mümkünsüzə çevrilir...

İki ildən çoxdur hakimlik sahəsinə cavabdeh olan avstriyalı mütəxəssis Avropanı gəzməklə məşğuldur, hakimlərin xaricdə təlim-məşq toplanışlarına ayrıla biləcək pulları, müqavilə adıyla cibinə qoyur, Bakıda təmtəraqlı şəraitdə kefini çəkməkdə davam edir...

Təəssüf ki, birbaşa tabeçiliyində olan rəhbərlərini aldatmaqdan belə çəkinməyən birisinin müqavilə müddəti uzadılır. Hakimlərə səhvləri doğru-dürüst izah edilməlidir.

"Yuxarıları" yanıldıb hakimlərə belə "yol" göstərməklə növbəti turlarda idarəçilik səhvləri daha da artacaq.

Klublar, hazır olun!

Tahir Süleymanov

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"