"Qorxmuram, amma çox narahatam” - MÜSAHİB

6 Aprel 2020 00:52 Şamaxı 593
"Qorxmuram, amma çox narahatam” - MÜSAHİB

Sportinfo.az "Keşlə"nin argentinalı müdafiəçisi Franko Floresin müsahibəsini təqdim edir:

- Futbolsuz gününüz necə keçir, darıxdırıcı olmur?
- Əlbəttə, darıxdırıcıdır. Futbol mənim əsas fəaliyyətimdir. Amma evdə görüləcək başqa işlər də var.

- Evdəki məşq intensivliyi fiziki formanı qorumaq üçün yetərlidirmi?
- Təbii ki, yetərli deyil. Ancaq evdə məşq keçmək və qidalanmaya fikir vermək də lazımdır. Onsuz da, indi edə biləcəyimiz tək şey budur.

- Bu günlərdə boş vaxtınız çox olur. Məşqdən əlavə nələr edirsiniz?
- Gücləndirilmiş karantin rejimindən əvvəlki həyatımı davam etdirməyə çalışıram. Məşq keçməyə, ailəm və dostlarımla söhbət etməyə, yemək bişirməyə, seriallara baxmağa vaxt ayırıram, həmçinin şəxsi işlərimi görürəm.

- Koronavirus xəstəliyindən qorunmaq üçün hansı tədbirlər görürsünüz?
- Koronavirusun qarşısını almaq üçün evdən çıxmamağa çalışıram. Evi yalnız bazarlığa gedərkən tərk edirəm. Onda da qayıtdıqdan sonra dərhal duşa girirəm. Əllərimi və üzümü daim yuyuram.

- Bütün dünya hazırda koronavirusla mübarizə aparır. Azərbaycanda da xüsusi karantin rejimi hökm sürür. Baş verənlər sizi qorxutmur?
- Argentinanın Azərbaycandakı səfirliyi vasitəsilə burada baş verənlərdən xəbərdaram. Xeyr, qorxmuram, amma yaşlı insanlara görə çox narahatam.

- Vətəniniz Argentinada artıq 1000-dən çox yoluxma qeydə alınıb. Oradakı vəziyyətlə bağlı yaxınlarınızla danışırsınızmı?
- Ailəm və dostlarımla müntəzəm əlaqədəyəm. Argentinadakı durumdan xəbərim var. Argentina hökuməti çox sürətli tədbirlər gördü, bütün ölkə vətəndaşları evlərini iki həftə tərk etməmək şərtilə karantindədirlər. Ən azı aprelin 13-dək heç kim evindən çıxmayacaq.

- Vəziyyət düzəldikdən sonra yaxınlarınıza baş çəkmək üçün Argentinaya getməyi düşünürsünüzmü?
- Həmişə bir neçə günlük istirahət imkanı qazananda ailəmə baş çəkməyə çalışıram. Ancaq bu dəfə hər şey mövsümün nə zaman başa çatacağından asılı olacaq.

- İndidən Premyer Liqanın bərpa edilməyəcəyi təqdirdə bir çox variant irəli sürülür. Belə olarsa, siz hansına üstünlük verərdiniz: hazırkı sıralamaya görə medalların verilməsinə, yoxsa nəticələrin ləğvinə?
- Düşünürəm ki, çempionat problemsiz başa çatacaq. Ancaq bərpa olunmayacağı halda ən normal qərar komandaların turnir cədvəlindəki mövqelərinə hörmətlə yanaşmaq olacaq.

- Sona 8 tur qalmış 3-cü pillədə möhkəmlənmisiniz. Medal verilməməsi ilə bağlı qərar qəbul edilərsə, bunu 7 aylıq əziyyətinizə haqsızlıq kimi sayacaqsınız?
- Yalnız onu deyə bilərəm ki, belə olağını fikirləşmirəm (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti