«Belə bir məsələ var idi, sonra özüm üçün bir az götür-qoy elədim və qərara gəldim ki, statusumu dəyişməyim».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şəfa»nın sabiq baş məşqçisi Elgiz Kərəmli deyib.
«Ağ-göylər»ı I Liqanın çempionu edən gənc mütəxəssis bugünlərdə «İmişli»dən təklif alıb.
Aran təmsilçisinin sükanı arxasına keçmiş Fərid Namazov onu əsas köməkçi qismində öz korpusuna dəvət eləyib. Kərəmli öncə razılıq versə də, axır məqamda fikrini dəyişib:
«Fərid Namazovla bir-birimizi çoxdan tanıyırıq. Yaxın münasibətimiz var.
O, təklif edən kimi «İmişli»yə getməyə razılaşmışdım. Maddi cəhətdən heç bir problem yaranmadı, deyilən maaşa qane edim.
Sadəcə, düşündüm ki, karyeramın istiqamətini dəyişməyim. Baş məşqçi olaraq sərbəst işləmək istəyirəm.
Fikrimcə, mənim üçün belə daha yaxşı olar. Hər halda məni artıq baş məşqçi kimi tanıyırlar.
«Difai» və «Şəfa»da müəyyən qədər təcrübə toplamışam. Bundan sonra da özümü yalnız bu cür sınamaq və göstərmək istəyirəm.
Yaxınlarda Birinci Liqadan belə bir təklif gəlmişdl. Şərtlərimiz üst-üstə düşmədi.
Hazırda yeni təklif gözləyirəm. Xidmətimə maraq göstərən iddialı klub olsa, danışıqlar apararam».

