Bu mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizənin hansı komandalar arasında gedəcəyi bəllidir.
«Kəpəz», «Şamaxı» və «Səbail» sonuncu olmamaqdan ötrü bir-birlərinin «başını yaracaq».
«Kəpəz»in imkanı var idi, 10-cu pillədən bir qədər uzaqlaşsın, «Neftçi» və «Şamaxı»ya yaxınlaşsın.
Dildə hər iş asandır. Onu əmələ keçirmək isə həm səbr, həm sabitlik tələb edir.
Azər Bağırovun «Kəpəz»i hələ o mərhələyə gəlib çatmayıb. Komandasında problemlər mövcuddur.
Hücum xəttində rəqabət zəifdir. Orxan Əliyev əsl nağılbazdır. Gah oynayır, gah oynamır.
Bir-iki qol vurur, sonra «dərin yuxuya gedir», baş məşqçinin də onu ehtiyatda saxlamaqdan başqa əlacı qalmır.
Luis Paçunun gəlişindən 2 aya yaxın vaxt keçib, 1 qol vurub cəmi. «Zirə» ilə qarşılaşmanın ilk hissəsində zədələnib kənara çıxmaqla, Bağırovun qol ümidlərini 10 faizə endirdi.
Baş məşqçi bundan sonra kapitanlıq sarğısını Yeqor Xvalkodan almalıdır. Belaruslu legioner bu komandanın lideri olmağa layiq deyil.
Ağırdır, yerindən tərpənə bilmir. «Zirə»nin hücumçuları çoxdandır önlərində belə zəif müdafiəçi görməmişdilər.
Xvalko bədən qurluşu ilə paurliftinqçiyə daha çox bənzəyir, nəinki futbolçuya.
Azər Bağırova təklif edərdim ki, onu məşqlərdən azad etsin və göndərsin yük qatarlarını boşaltmağa.
Ondan yaxşısı olmaz, bir vaqonu təkbaşına boşaldar. Burada aldığı zəhməthaqqını daha çox haqq edər, nəinki «Kəpəz»dən qazandıqları.
ELNUR