“Araz-Naxçıvan” yanvarın 12-dən 16-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcək.
Hazırlığın yekununda “Kəpəz”lə yoldaşlıq oyunu keçirməklə bağlı qarşılıqlı razılıq əldə edilsə də, Gəncə təmsilçisi son anda Qəbələyə gələ bilməyəcəyini bildirib.
Buna görə də “qırmızı-ağlar” yanvarın 15-də “Qəbələ” ilə gücünü sınayacaq.
“Kəpəz“ niyə Qəbələyə yollanmaqdan imtina edib? Bunun səbəbi puldur! Məsələ burasındadır ki, “sarı-göylər“in “Qəbələ“yə borcu var.
Bu borc ötən mövsümdən yığılıb qalıb. Gəncə stadionunun vəziyyətinə görə bir neçə oyunu Qəbələdə keçirən “Kəpəz“ yerli kluba ödəmə etməyib.
Üst-üstə 25 min manat məbləğində bir borcdan danışırıq. “Qəbələ“ həmin vəsaitdən 5000 manatı keçsə də, qərb təmsilçisi yerdə qalan 20 min manatı qaytarmamaq üçün qarşı tərəfə yüz bəhanə gətirib.
“Qırmızı-qaralar“ da başqa əlac tapmadığından, “Kəpəz“in Qəbələdə meydana çıxmasına razılaşmayıb. Deyirlər, gətir, borcunu ödə, sonra bura ayaq bas.
SPORTİNFO.AZ

