«Yeni baş məşqçinin gördüyü işlərdən və əldə etdiyi nəticələrdən razıyıq».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.
Gəncə təmsilçisinin rəhbəri noyabrın 13-dən etibarən komandanın sükanı arxasına keçən Adil Şükürovun fəaliyyətinin onları qane etdiyini bildirib.
Premyer Liqada qalmaq uğrunda mübarizə apardıqlarını xatırladan baş idarəçi qeyd edib ki, hazırda düşərgədə əhval-ruhiyyə yüksək səviyyədədir:
«Düzdür, hələ işin tam yarısına cəlib çatmamışıq. Hələ yekun fikir bildirmək hələ tez olar.
Məşqçilərə və futbolçuların hər birinə inanırıq. Məhdud şərait və imkanlarla bu cür çıxış edirlərsə, təbii ki, onlara təşəkkür düşür.
Baş məşqçiyə də «sağ ol» düşür ki, bu qədər çatışmazlığa rəğmən, komandanı qələbəyə kökləyir. Bəli, zədəlilərimiz çoxdur, heyətimiz kasaddır.
Çempionatda asan oyun yoxdur. «Qəbələ» ilə səfərdəki qarşılaşma birinci ən vacib sınaq idi.
Çünki «Qəbələ» Premyer Liqada qalmaq yolunda əsas rəqibimzdir. Qarşıdan qış fasiləsi gəlir.
Məncə, bu dönəmi necə keçirməyimiz çox önəmlidir. Mövsümün qalan hissəsi qış fasiləsində nə işlər görəcəyimizdən asılıdır».
Ötən ayın əvvəlində Azər Məmmədovla yolları ayıran qərb klubu yeni çalışdırıcısı ilə 4 Premyer Liqa matçına çıxıb. Bu qarşılaşmalarda 5 xal toplayan «Kəpəz» turnir cədvəlində son pilləni «Qəbələ»yə buraxıb.

