Yaxınlarda AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində "Elite Club Programme" təhsil layihəsinin ikinci sessiyası keçirilib.
Seminar Almaniyanın Frankfurt şəhərində təşkil edilib.
Burada AFFA-nın, PFL-in və Premyer Liqada mübarizə aparan klubların nümayəndələri iştirak edib.
Tədbirin ilk günü aşağıda qeyd olunan mövzular ətrafında seminar keçirilib:
- “Ayntraxt” (Frankfurt) klubunun strukturu və strategiyası
- Klubun əməliyyatlarının idarə edilməsi – CEO baxışı
- İdman direktorunun və İdman departamentinin rolu
- Stadion turu
Klubun əməliyyatlarının idarə edilməsi mövzusunda Belçikanın “Leuven” klubunun baş icraçı direktoru Peter Villems fikirlərini bölüşüb.
İdman direktorunun və İdman departamentinin rolu haqqında “Servet”in (İsveçrə) idman direktoru, veteran futbolçu Filip Senderos çıxış edib.
Proqramın əsas məqsədi Premyer Liqa klublarının klub idarəçiliyi sahəsindəki biliklərinin artırılması və təkmilləşdirilməsidir. Üç mərhələdən ibarət olan layihənin sonuncu - üçüncü sessiyası fevralda Bakıda keçiriləcək.
Almaniyaya yollanan “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri Sportinfo.az-a maraqlı açıqlama verib:
“Səfər yüksək səviyyədə təşkil olunmuşdu. Bizə yaradılan şəraitə görə AFFA rəhbərliyinə saytınız vasitəsilə bir daha öz təşəkkürümü bildirirəm.
Yaddaqalan və faydalı bir səfər oldu. Orada keçirilən dərslərdə xeyli mövzulara toxunuldu.
Əsasən də infrastrukturla bağlı. Müasir futbolda tətbiq olunan standartlarla bizi tanış etdilər.
Eyni zamanda, həmin proseslərin necə baş verdiyini, hansı şəkildə inkişaf etdirildiyini ətraflı izah edir və göstərirdilər. Bunların Azərbaycan futbolunda tətbiqi mümkündürmü?
Başqa klublarla bağlı heç nə deyə bilmərəm. Mən ancaq “Kəpəz”dən danışsam, düz olar.
Bildiyiniz kimi, AFFA-nın dəstəyi ilə Gəncədə yeni futbol akademiyası açılacaq. Stadionun da inşaası artıq başlayıb.
Almaniyada gördüyümüz inkişaf modelini “Kəpəz”də tətbiq etməyə çalışacağıq. Bunu nə dərəcədə reallaşdıra biləcəyik, zaman göstərəcək.
Hər halda orada tətbiq olunan standartlar həddindən artıq yüksək səviyyədədir. Biz çalışıb istiqamətimizi düzgün tutmalıyıq.
İstiqamət düzgün olandan sonra bu, inkişafa və nəticələrə öz müsbət tövhəsini verəcək”.

