“Kəpəz”in işləri səhmana düşməkdədir.
Baş verən məşqçi dəyişikliyindən sonra qərb təmsilçisi azarkeşlərini sevindirməkdə davam edir.
Azər Məmmədovun istefasından sonra “sarı-göyər” Etibar İbrahimovun rəhbərliyi altında “Araz-Naxçıvan”ı 1:0 məğlub edib,
Adil Şükürovun gəlişindən sonra çempionatda “Qəbələ”ni 3:0, ölkə kubokunda “Bakı Sportinq”i 2:0 hesabı ilə üstələyib, “Səbail”lə 0:0, “Sumqayıt”la 1:1 bərabərə qalıb.
Gəncəlilər son 6 qarşılaşmada yalnız “Sabah”a uduzub – 0:2.
Maraqlıdır, Azər Məmmədovun dönəmində niyə bu cür nəticələr qeydə alınmırdı? Adil Şükürov gələndən sonra nələri dəyişib? Komandadakı yüksəlişin səbəbi nədir?
“Kəpəz”in əsas fiqurlarından olan Onanuqa Olavale Sportinfo.az-a açıqlamasında müəmmaya aydınlıq gətirib:
“Nəticədən başqa hansısa dəyişikliyin olduğunu deyə bilmərəm. Həmin futbolçulardır, həmin oyun, həmin istək və əzmkarlıq.
Azər Məmmədovun vaxtında da meydanda can qoyurduq, hətta bəzi oyunlarda rəqibdən üstün oynayırdıq. Sadəcə, nəticə qazana bilmirdik.
Bu, ola bilsin, komandanın yeni yığılması ilə bağlı idi. Komanda sıfırdan formalaşanda ilk dönəmlər müəyyən çətinliklər olur, zaman keçdikcə öz oyununu tapır.
Yaxşıya doğru dəyişikliyi bununla əlaqələndirə bilərəm. “Araz-Naxçıvan”ı məğlub edəndən sonra əhval-ruhiyyə yüksəldi, hər kəsdə özünəinam yarandı.
Çalışırıq bu atmosferdə davam edək. Yenə əvvəlki kimi xarakter göstəririk, verilən tapşırıqları yerinə yetirməyə çalışırıq”.
Azər Məmmədovun baş məşqçiliyi dönəmində 12 oyunda cəmi 5 xal qazanan “Kəpəz” son 5 matçda aktivinə 8 xal yazdırıb.
HƏBİB

