Premyer Liqanın 17-ci turu çərçivəsində “Kəpəz”lə “Sumqayıt” arasındakı oyunu işıqlandırmaq üçün yolumuz bu dəfə də Tovuzaydı.
Sürətli qatarla təxminən 4 saat 45 dəqiqəlik yolu bir göz qırpımında dəf edib şəhərin mərkəzindəki Dəmir Yolu Vağzalında təzə enmişdik ki, iki kişinin şirin Tovuz ləhcəsində “Kəpəz”in oyunu barədə dialoqunu eşitmək xoş idi.
İş günüydü deyə, saat 15:30-də stadiona getmək üçün aradan çıxmağın planlarını cızırdılar.
Jurnalistlər mənzil başına çatanda matçın başlamasına təxminən 35 dəqiqə vaxt qalmışdı və arenada futbol ab-havası ciddi mənada hiss olunmurdu. Təbii ki, bu, Tovuzda “Turan”ın yox, “Kəpəz”in oynamasına görəydi. Etiraf edim, yerli camaat əzəli rəqibin çıxışına o qədər də maraq göstərmir. Gələnlər də əsasən gəncəlilərin heyətindəki əslən tovuzlu Vurğun Hüseynovun yaxınları idi.
Qarşılaşmanın startı ərəfəsində tribunalarda az da olsa canlanma hiss olundu. Gəncədən və Tovuzdan olan futbolsevərlərin hesabına yerli tərəfdarlar üçün nəzərdə tutulan mərkəzi tribunaya can gəldi sanki. Amma sayları çox deyildi, uzaqbaşı 150 nəfər.
“Kəpəz”i uğura dəstəkləyənlərin sayı təxminən bu qədər, Sumqayıtdan gələn azyaşlı fanatlar isə 40-50 nəfər olardı. Dekabrın soyuğu, iş günü, Tovuzla Gəncə arasındakı məsafə öz işini görməliydi və gördü də.
Oyun barədə uzun-uzadı danışmağa gərək yoxdur. Bu yazını oxuyanların böyük əksəriyyəti mütləq ki, 90 dəqiqə ərzində nələrin yaşandığını izləyib.
Qısaca onu deyə bilərəm ki, “Kəpəz” qələbə üçün kifayət qədər ac görünürdü. “Sumqayıt” birinci hissədə üstün təsir bağışlasa da, nominal meydan sahiblərinin fasiləyə yaxın bərabərlik topunu vurması və ikinci yarıda 3 xal hədəfini göstərməsi tablodakı rəqəmlərin dəyişməsi baxımından işə yarımadı.
Son 10 dəqiqədə hər iki komanda üzvlərinin qulağı Cavid Cəlilovun fitindəydi. Ki, tez səsləndirsin, 1 xalımızı götürüb gedək. Əlavə risk hansısa birini məlum minimum xaldan da məhrum edə bilərdi çünki.
Qarşılaşma başa çatandan sonra həm “Kəpəz”in, həm də “Sumqayıt”ın düşərgəsində üzlər gülürdü. Azarkeşlərin futbolçulara, futbolçuların isə azarkeşlərə münasibətindən “buna da şükür” mesajını hiss etmək çətin deyildi.
Necə deyərlər, alan da razıydı, satan da.
Biz də “xeyirli olsun” deyib, qayıtdıq Bakıya.
HƏBİB / SPORTİNFO.AZ

