Qovulmaq qorxusu bu komandada hamının canına vəlvələ salıb!

15 Dekabr 2023 17:40 Kəpəz 1 058
Qovulmaq qorxusu bu komandada hamının canına vəlvələ salıb!

Kənardan baxıb çox şey demək, fərziyyə/təxmin irəli sürmək olar. Konkret «Kəpəz»in üstünə gəlsək.

Adil Şükürovun onları Premyer Liqada saxlaması mütləqdir.

Yeni baş məşqçi hər nə qədər problemlərin çoxluğundan, cüzi irəliləyişdən söz açsa da, bəndəniz bir elə pessimist deyil.

Azər Məmmədovun yerinə gəlmiş Adil Şükürov, insafən, «Kəpəz»ə cəsarətli futbol oynadır.

O Azər Məmmədov idi, komanda içində hörməti olsa da, sözünün çəkisi yox idi. Futbolçular onu istəyirdi, sadəcə, çəkinmirdilər ondan.

Şükürov sərt üzünü göstərməyə gecikməyib. Burdakılar anlayıb ki, bu həna o hənadan deyil, kim özünü pis aparsa, qış fasiləsindən sonra düşərgəni tərk etməli olacaq.

Yeni baş məşqçi, onsuz da, çoxclu transfer əməliyyatı həyata keçirmək üçün fürsət gəzir. Onun xoşu gəlr ki, komandanı özü yığsın, istədiyi oyunçuları ətrafına toplasın.

Bu minval «Kəpəz»də hər kəsi qorxudur. Belədir də, bu tayfa.

Lazımı anda göz ağartmasan, əlini yuxarı qaldırıb qapazı endirməyə hazır vəziyyətə gətirməsən, bildiklərini edəcəklər, yüz hoqqadan çıxacaqlar.

«Sumqayıt»la qarşılaşmanın ikinci hissəsini izləməyənlərə o videonu tapmağı məsləhət görürəm. «Kəpəz» qonaqların cərimə meydançası ətrafında «çadır» qurmuşdu.

Hesabda önə keçmək üçün var qüvvələrini qoydular. Qaça bilməyən də, yorulan da topla qaçırdı.

Yəqin ki, Mehdi Cənnətovun özü də qapısı önündə yaradılan qol epizodlarının sayını itirdi. Mən dəqiq itirdim.

«Kəpəz»in belə davam etməsini istərdim. Qoy, Premyer Liqada qalmaq uğrunda rəqabət ölməsin. «Kəpəz»in canlanması turnir cədvəlinin «ikinci eşalon»unda olanları da yuxudan oyadacaq.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti