
“Kəpəz” Adil Şükürovun rəhbərliyi altında ilk qələbəsini Qəbələdə qazandı.
Qərb təmsilçisi “Qəbələ”ni məğlub etdi – 3:0.
Klubun İdarə Heyətinin sədri İlqar Nadiri Almaniyada səfərdə olması səbəbindən görüşü izləyənlər arasında yox idi.
Əvəzində klubun idarə heyətinə yeni təyinat alan Cabir İbrahimov parlaq qələbəyə Qəbələ şəhər stadionunda canlı şahidlik etdi.
Hakimin final fitindən sonra yeni icraçı direktoru görüncə söhbətləşmək qərarı verdik.
Həm təyinatı, həm də komandanın qələbəsi və gələcəyi barədə.
Cabir bəy istəyimizi eşidincə öncə pauza götürdü, ardınca mətbuat katibi Azad Mustafayevi nəzərdə tutaraq “Azad bəy gəlsin, sonra danışaq” – dedi.
Etiraz etmədim.
Çox qısa müddət sonra klubun press-ateşesi biz olan məkanda göründü.
Düşündü ki, Cabir bəy vədinə sadiq qalaraq, bizimlə söhbətə qaldığı yerdən davam edəcək.
Amma verdiyi sözü unudan klub rəsmisi Azad bəyi də götürərək paltardəyişmə otağına tələsdi.
Görünür, qələbə yeni klub rəsmisini hətta verdiyi sözü unutduracaq qədər sevincək salmışdı.
XANOĞLAN / SPORTİNFO.AZ