Adətən görmüşük ki, klub öz doğma azarkeşləri önündə meydana çıxanda daha uğurlu çıxış edir.
Təbii ki, rahatlığı gətirən bir neçə amil var. Məsələn, sevimli azarkeşlər, alışdığın meydan, hava və.s.
Amma “Kəpəz”lə bağlı bunu qəti demək olmaz.
Qərb təmsilçisi sanki Gəncə publikası önündə özünü rahat hiss etmir.
Futbolçuların ayaqları əsir, psixoloji durumları yerində olmur.
Alışdıqları ünvanda yox, başqa dünyada çıxış edirlər.
Komandanın bu mövsüm göstərdiyi nəticələr belə düşünməyə əsas verir.
Belə ki, bölgə klubu arxada qalan 15 turda aktivinə 14 xal yığa bilib.
Bu xalları 3 qələbə və 5 bərabərliklə əldə etmək mümükün olub.
Həmin 8 uğurlu matçın isə cəmi biri Gəncədə baş tutub.
Birinci turda Gəncə Şəhər stadionunda “Neftçi”ni məğlub edən (1:0) “Kəpəz” bir daha adıçəkilən arenada nə bərabərlik, nə də qələbə sevinci yaşamayıb.
Səfər meydanında “Qarabağ”, “Sabah” kimi iddialılarla bərabərə qalan klub “Araz Naxçıvan” və “Qəbələ”ni məğlub etməyə nail olub.
“Zirə” və "Sumqayıt"la ev oyunundakı heç-heçələr də Gəncəyə yox, Tovuzun payına düşür. Axı “Kəpəz” ev oyunlarını bir müddətdir qonşu rayonda keçirir.
Gördüyünüz kimi, “Kəpəz” evdə aciz, səfərdə çox cəsarətli görünür.
XANOĞLAN / SPORTİNFO.AZ

