Adil Şükürovun gəlişindən sonra "Kəpəz" ilk qələbəsini Qəbələ səfərində qazandı.
"Qəbələ"nin qonağı olan qərblilər gözlənilmədən meydan sahiblərin darmadağın etdi - 3:0.
Hesaba baxan düşünər ki, Gəncə təmsilçisi fantastik oyunla yadda qalıb.
Amma həqiqət tam başqadır.
Düzdü, qaliblər mühakimə olunmur. Bizim də belə bir fikrimiz yoxdur.
"Kəpəz" özünə lazım olan 3 xalı çətin səfərdə aktivinə yazdırdığı üçün təbriki haqq edir.
Lakin hesabın belə alınmasında "Kəpəz" futbolçularından çox, "Qəbələ"nin oyunçularının böyük "əməyi" olduğunu etiraf etmək lazımdır.
Artıq start fitindən başlayaraq meydan sahibləri çox sayda texniki xətalarla yadda qalırdı. Bəzən futbolçular bir metrlik məsafədə bir-birinə düzgün ötürmə edə bilmirdi. Xüsusilə Gilad Abramov orta xətdə nə etmək istədiyini bilmirdi. İlk qol da 6-cı dəqiqədə onun səhvindən sonra başlayan hücum sonrası vuruldu.
Özünə bənzəməyən digər orta xətt oyunçusu Ahmed Ayzayanın 21-ci dəqiqədə zədələnərək yerini Emil Səfərova verməsi isə "Qəbələ" adına yerinə düşdü deyə bilərik. Uzun müddət zədə səbəbindən kənarda qalan gənc futbolçunun oyuna qoşulması ilə orta sahədə müəyyən səhman yaratmaq mümkün oldu.
Baxşıyev fasilədə Abramovu Asif Məmmədovla əvəzləməklə üstünlüyü tam ələ alacağını ehtimal etmək olardı.
Bu məqamda oyuna çox yaxşı qoşulmuş Emil ikinci yarının startından cəmi 4 dəqiqə sonra qırmızı vərəqə alaraq komandasını azlıqda buraxdı.
Elmar Baxşıyevin yetirmələri qısa müddət 10 nəfərlə müəyyən dirəniş göstərə bildi.
Ancaq sürətli əks-hücum şansları əldə edən "Kəpəz" yaxşı qol fürsətləri əldə edirdi.
Belədə növbəti qollar qaçılmaz idi.
Maraqlısı odur ki, "Kəpəz" 10 nəfərlə qalan rəqibin qapısından qolları yenə çox sadə epizodlarda buraxılan səhvlər sonrası vurdu.
İkinci qolda 2 gəncəli futbolçu 2 ötürmə ilə "Qəbələ"nin 4 oyunçusun oyundan kənarlaşdıra bildisə, üçüncü qolda da Rəşad Əzizlinin səhvini qeyd edə bilərik.
Sonuncu dəfə "Qəbələ"ni belə ruhsuz, bu qədər top itkilərinə yol verən obrazda gördüyümü xatırlamıram.
Görünür, toparlanıb uğursuz gedişata son qoymaq əvəzinə, futbolçular daha da dibə enmək yolunu seçiblər.
XANOĞLAN İMANOV

