Avropada legioner həyatı yaşayan Ramin Nəsirli vətənə qayıdıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan hücumçunun Latviya klubu “Dauqavpils”lə ilin sonuna qədər olan icarə anlaşmasının müddəti başa çatmaq üzrədir.
Latviyada çempionat başa çatdığından, futbolçu gələcəyi ilə bağlı qərar verməlidir.
Əldə etdiyimiz məlumata görə, 21 yaşlı yarımmüdafiəçinin xidmətində “Kəpəz” maraqlıdır. Futbolçunun özü də karyerasını Azərbaycanda davam etdirmək istəyir. Lakin bir şərtlə: Avropadan ciddi təklif olmasa.
Ramin “okey” versə, “Neftçi” keçidə isti yanaşsa, Nəsirli mövsümün ikinci dövrəsində “Kəpəz”in uğurları üçün tər tökəcək. Tərəflər hələ ki, gözləmə mövqeyindədir.
Ramin Nəsirli noyabrın 11-də başa çatan Latviya çempionatında 36 oyunun hamısında meydana çıxıb ki, 26 matçda start heyətində yer alıb.
O, “Dauqavpils”də 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ