
“Turan Tovuz”un “Qəbələ”ylə oyunda hesabda 2:0 öndə olduğu halda meydanı 1 xalla tərk etdiyini görəndə, açığı, tribunalardan fərqli reaksiya gözləyirdim.
Bölgə azarkeşləri fərqli olur axı. Tələbkar və iddialı olmaq prioritetdirsə, radikallıq onların vizit vərəqəsidir.
Gözlədiyimin əksini gördüm. Tovuz publikası məşqçi və futbolçu heyətini paltardəyişmə otağına alqış sədaları ilə yola saldı. Və həmin an gözlərimin önündə bir gün əvvəl Gəncədə şahidi olduğum mənzərə canlandı.
“Kəpəz” “Səbail”ə böyük hesabla uduzduğuna görə azarkeşlərin bir qismi futbolçuları fitə basmış, kimlərinsə ünvanına “istefa” səsləri eşidilmişdi. Hərçənd, ad çəkilmədiyindən istefanın kim(lər)ə ünvanlandığını ayırdı etmək mümkün olmamışdı.
Sözsüz, “Turan Tovuz”la “Kəpəz”in hazırkı durumu eyni deyil. Ayxan Abbasovun yetirmələri 6 turdan sonra aktivinə 10 xal yazıbsa, gəncəlilərdə bu say cəmi 4-dür.
Lakin bu faktın özü “Kəpəz”ə könül verən azarkeşlərin ikiyə bölünməsini şərtləndirməlidirmi?
Böyük futbol böyük şəhərə qayıdan gündən Gəncədə qruplaşmalar və fikir ayrılığı yaranıb. Ötən mövsüm nişangahda Tərlan Əhmədov idisə, bu il hədəf klubdakı əsas sahibi İlqar Nadiridir. İndi də ardıcıl yenilgilərə görə günah prezidentdə axtarılır.
Təbii, uğursuzluq varsa, rəhbərlikdə təmsil olunanlar, məşqçilər korpusu, futbolçular – hər kəsin bu işdə “payı” var. Klubdakılardan heç kim deyə bilməz ki, “Kəpəz” doğma meydandakı 4 oyunun 3-nü məğlub başa vurmasında mənim günahım yoxdur.
Heç kim yaxasını kənara çəkməməlidir. İlqar Nadiri, Mehman Allahverdiyev, Azər Məmmədov və digərləri.
Əminəm ki, onlar da bunun fərqindədir və heç biri mövcud durumu normal hesab etmir. Kim çalışdığı yerdəki işini təhlükə altına salmaq istəyər? Kim rəhbərlik etdiyi klubun, yaxud komandanın dillərdə lağ obyektinə çevrilməsini istəyər?
Amma bu işdən çıxış yolu qruplaşma yaratmaq, ipin hər ucunu bir tərəfə dartmaq, Bakıdan gələn bir qrup jurnalistin önündə Gəncə futbolunda çalışanları lağa qoymaq deyil, dostlar.
Hərə bir havaya oynayır. Ötən il qrupların adı “tərlançılar”la müxalifətçilər idisə, indi adı dəyişib “ilqarçılar və müxalifətçilər” qoyublar.
Yəni bunu etməklə, bu cür fikirləri təbliğ etməklə Gəncə futbolu hara gedəcək? Necə inkişaf edəcək? Hansı ağıllı sponsor yaxın duracaq? Bütün bunlar kimə və nəyə xidmət edir?
Başa düşürəm, Gəncə böyük şəhərdir, klubda, stadionda, bazada işləmək istəyənlərin sayı çoxdur. Azarkeşlər komandadan nəticə tələb edir.
Amma istəyə çatmaq üçün çıxış yolu ötən ildən görməyə alışdığımız siyasəti davam etdirmək deyil axı. Qruplaşma yaratmaq, yıxılanı vurmaq, məğlubiyyət zamanı “istefa” qışqırmaq nəticə olaraq heç nə verməyəcək.
Nəticə qazanmaq üçün birlik və möhkəmlik lazımdır. Məqsəd şəxsi maraqları genişləndirmək yox, nəticələri yaxşılaşdırmaqdırsa, bunun üçün Gəncə və gəncəlilər birləşməlidir.
İlqar Nadiri də sizindir, Azər Məmmədov da. Heyətdəki Mahir Həsənov, Əli Səmədov, Tural Rzayev kimi futbolçular da Gəncə futbolunun yetirmələridir.
Çıxış yolu yumruq kimi birləşib mövcud durumdan çıxış yolu tapmaqdır. Klub prezidenti və məşqçilər heyəti ilə görüşüb suallara cavab tapmaq, irəliyə doğru addımları yaxşılaşdırmaq üçün bir neçə saat, bir neçə gün bəs edir.
Bu komandanın potensialı olmasaydı, “Neftçi”ni məğlub edə bilməz, “Qarabağ” kimi güclü rəqiblə Bakıda bərabərə qalmazdı.
Demək ki, potensial var, sadəcə, işlər hansısa nöqtədə düz getmir. O nöqtəni tapmaq isə “Kəpəz”də çalışanlarla komandaya könül verənlərin üzərinə düşən işdir.
HƏBİB / SPORTİNFO.AZ