"Ötən mövsümlə indiki ab-hava arasında çox fərq var” – “Kəpəz”in gəncəlisi

15 Avqust 2023 22:40 Kəpəz 1 257
"Ötən mövsümlə indiki ab-hava arasında çox fərq var” – “Kəpəz”in gəncəlisi

“Zirə” - “Kəpəz” qarşılaşmasından sonra (1:0) qonaqların futbolçusu Əli Səmədov Sportinfo.az-a müsahibə verib.

Gəncəli azarkeşlərin sevimlisi doğma komandasının yenilgisindən, gələcək planlardan və kollektivdəki ab-havadan danışıb.

- “Neftçi” üzərindəki qələbədən sonra bu cür məğlubiyyəti təsəvvür edirdiniz?

- Məşqçilər heyəti rəqibin oyununu təhlil edib, bizə lazım olan tapşırıqları vermişdi. Biz də meydanda bacardığımızı ortaya qoymağa çalışırdıq. Ən pis halda heç-heçə edəcəyimizi düşünürdük. İlk dəqiqələrdən sona qədər layiqli mübarizə apardıq. Təəssüf ki, ani diqqətsizlik qapımıza qolla nəticələndi. Halbuki, Bakıya xoş əhval-ruhiyyə, yaxşı motivasiya ilə gəlmişdik. “Ziıə”ni təbrik edirəm. Çox yaxşı komandadır, hiss olunur ki, ötən mövsümlə müqayisədə xeyli gücləniblər.

- Hədəfə çatmaq üçün nə çatmadı?

- Hər şey var idi. Məncə, yeni komanda olmağımız və rəqibin bizə nisbətdə daha çox legioner futbolçulara sahib olması özünü göstərdi. İstədikləri vaxt istədikləri rotasiyaları edə bilirdilər. Bizdə isə ehtiyat qüvvə kasaddır, əsasən gənc futbolçulardır. Amma yenə də xal almağa layiq olduğumuzu düşünürəm.

- Sosial şəbəkələrdə azarkeşlər “Kəpəz”in “Neftçi” üzərindəki qələbəsini təsadüfi sayır, kasad heyətlə uzağa getməyin mümkün olmayacağını iddia edir.

- “Neftçi”ylə qarşılaşmada taktiki cəhətdən ağıllı oynamaqla istəyimizə çatdıq. Xüsusən də müdafiədə diqqətli çıxış etdik. Belədə təsadüfdən danışmaq doğru olmaz. Bəli, bu dəfə uduzduq. Növbəti turda “Turan Tovuz”la derbidə gücümüzü göstərməliyik.

- Ötən ilki komanda ilə indiki kollektiv arasında ab-hava baxımından fərq var?

- Atmosfer arasında çox fərq var. Məşqçilər heyətində yer alanların hamısı vaxtilə “Kəpəz”də futbol oynayanlardır. Əsas odur ki, mehribanlıq var. Bu günə qədər hansısa problem olmayıb. İnşallah, bundan sonra da olmayacaq. Əsas amillərdən biri də azarkeşlərimizin yanımızda olması, hər bir halda biri dəstəkləməsidir. Gördüyünüz kimi, bugünkü məğlubiyyətdən sonra komandanı yanlarına çağırıb, alqışladılar.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti