“Neftçi”ni udmaq daha çox zövq verir” – MÜSAHİB

8 Avqust 2023 21:20 Kəpəz 976
“Neftçi”ni udmaq daha çox zövq verir” – MÜSAHİB

“Kəpəz”in belarslu müdafiəçisi və kapitanı Yeqor Xvalko komandasının Premyer Liqanın ilk turunda “Neftçi” üzərində əldə etdiyi qələbə (1:0) haqda Sportinfo.az-a müsahibə verib.

- Kapitanlığın “Kəpəz”ə düşərli oldu. Buna önəm verdin?

- Peşəkar karyeramda ilk kapitanlığım idi. Aşağı yaş komandalarında olmuşdu, amma peşəkar liqada yox. Əslində, kapitanımız təcrübəli Vurğun Hüseynovdur. Meydana çıxanda sarğı onun qolunda olacaq. Bu gün mən onu, sadəcə, əvəz etməyə çalışdım. Necə alındığını kənardan baxanlar deyə bilər. Vurğun dünən məşqdən əvvəl, bu gün oyundan qabaq, fasilədə və matçdan sonra da yanımızda idi.

- “Beşiktaş”ı Bakıya gətirən “Neftçi” üzərində bu cür qələbəni təsəvvür edirdin?

- Bəlkə də qələbə bizim üçün xoş sürpriz oldu. Razılaşaq ki, rəqib bizdən demək olar bütün cəhətlərdə üstündür. Amma biz oyuna yaxşı hazırlaşmışdıq. Evdə - doğma azarkeşlərimizin qarşısında ilk matçımız idi. Bundan başqa rəqibin avrokuboklarda keçirdiyi oyunlara baxıb, məşqçilər heyətindən lazım olan tapşırıqları almışdıq.

- Belə çıxır ki, oyundan bir gün əvvəl kimsə sənə “Neftçi”ni udacağınızı desəydi, bunu şirin zarafat kimi qəbul etməyəcəkdin.

- İnanmağına inanardım, ancaq tam əmin olmazdım. Onlarla bizim aramızdakı fərqi görürsünüz. Səmimi danışaq, qarşılaşmadan əvvəl böyük əksəriyyət “Neftçi”ni favorit görürdü. İstənilən komandanı məğlub etmək xoşdur, amma “Neftçi”ni udmaq daha çox zövq verir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti