Bu gün Premyer Liqanın açılış turunun son oyunları baş tutacaq.
Yenilənmiş “Kəpəz” doğma meydanda ciddi dəyişikliklərə məruz qalmış “Neftçi”ni qəbul edəcək.
Gəncə təmsilçisi bu qarşılaşmada yeni transferinin xidmətindən yararlana bilməyəcək. Bu, Elmir Tağıyevdir.
Orta sahə oyunçusu ötən mövsümün sonuncu görüşündə meydandan qovulduğu üçün cəzalı duruma düşüb.
“Səbail” – “Şamaxı” duelində birincilərin heyətində çıxış edən Tağıyev oyunun son saniyələrində qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk etmişdi.
İntizam Komitəsinin kobudluqla bağlı qərarı kifayət qədər sərt olmuşdu: 4 oyunluq cəza.
Odur ki, Elmir cari mövsümün startındakı 4 matçda “Kəpəz”ə kömək edə bilməyəcək.
Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” görüşü saat 17:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

