Transfer çalışmalarında geridə qalan klublardan biri də “Kəpəz”dir.
Mövsümə yeni baş məşqçi Azər Məmmədovla hazırlaşan qərb təmsilçisinin maliyyə baxımdan çətinlik çəkməsi açıq-aşkar görünür.
“Sarı-göylər” rəqabətə tab gətirmək üçün bacarıqlı yerli və əcnəbi futbolçularla güclənməlidir ki, klubun buna gücü çatmır. Lakin hər bir halda “Kəpəz”in Premyer Liqaya rəng qatacağı şübhə doğurmur.
Azər Məmmədov Sportinfo.az-a müsahibəsində komandanın hazırkı və gələcək vəziyyətindən bəhs etməklə yanaşı, sponsorlara səslənib.
- Bir həftədən çoxdur Bakıda məskunlaşmısınız. Təlim-məşq toplanışının gedişatından nə dərəcədə razısınız?
- İşlərimiz öncədən müəyyənləşdirdiyimiz plan üzrə gedir. Toplanışın ilkin mərhələsi Gəncədə baş tutdu, sonra Bakıya gəldik. Açığı, Türkiyəyə yollanmaq istəyirdik, maliyyə sıxıntısına görə alınmadı. İndiki mərhələdə bizim üçün ən vacib olanı komandanın mütəmadi bir yerdə olmasıdır. Bildiyiniz kimi, kollektivdə yeni futbolçuların sayı çoxdur, üstəlik, gündə iki məşqimiz olur. Bunun üçün kollektiv toplanışa ehtiyacımız var. Elitadakı rəqiblərimizin 4-ü avrokuboklarda iştirak edir, digərləri Türkiyəyə gedib. Ona görə də Bakıda yüksək dəstə səviyyəsində sınaqçı-rəqib tapmaq çətindir. Bakı toplanışında “Araz Naxçıvan”la qarşılaşdıq, daha iki yoldaşlıq oyunu istəyirik.
- Bu günə qədər üç yoldaşlıq görüşü keçirilib. İndiki məqamda sizi razı və narazı salan məqamlar hansılardır?
- İlk iki matçda fiziki yüklənmələr fonunda meydana çıxmışdıq deyə, müəyyən çatışmazlıqların olması normal idi. “Araz Naxçıvan”la qarşılaşmada fiziki və texniki-taktiki baxımdan göstəricilər yaxşılaşmışdı. Komanda hardasa 60-70 faiz hazır idi. Əvvəlki oyunlara nisbətən irəliləyiş hiss olunsa da, lakin yenə də çatışmazlıqlarımız görünürdü. Futbolçu əskikliyimiz var, bunun üçün də transferlər etməliyik.
- Bu yöndə nə yenilik var?
- Axtarışlarımız davam edir. Mütləq iki legioner götürməliyik, imkanımız çatsa, üç də ola bilər. Hər şey maliyyədən asılıdır. Yerli futbolçuları da diqqətdə saxlayırıq. Hansısa klub öz oyunçusunu icarəyə versə, götürmək istəyərik. Bu gün 4-5 futbolçuya ehtiyac var. Ancaq heç bir halda tələsmək istəmirik. Komandada legioner olsun deyə, tələm-tələsik kimisə cəıb etməyin tərəfdarı deyiləm. Düzdür, vaxt azalır, amma yenə də diqqətli davranmalıyıq.
- Premyer Liqanın startına təxminən iki həftə qalıb. “Kəpəz” çempionata neçə faiz hazırdır?
- Hardasa 60-70 faiz deyərdim. Qarşıda daha bir yoldaşlıq görüşümüz olacaq, ondan sonra həftəlik tsikla girib, “Neftçi”ylə çempionat oyununa hazırlaşacağıq. Ümid edirəm ki, həmin vaxta qədər hazırlıq səviyyəmiz bir az da artacaq. Ancaq bir şeyi deyim, “Kəpəz” istədiyimiz səviyyəyə 3-4 turdan sonra çatacaq.
- Hazırda sizi ən çox narahat edən nədir?
- Narahatlığımızı futbol ictimaiyyəti bilir. Maliyyə sıxıntısından qaynaqlanan problemlər var ki, bu, müəyyən mənada narahatlıq yaradır. Açığı, problemin kökündən xəbərdar deyiləm. Bildiyim odur ki, İdarə Heyəti çətinliyi aradan qaldırmaq üçün çalışır, çıxış yolu axtarır.
- Baş məşqçi kimi debütünüz ilk turda “Neftçi”yə qarşı olacaq. Həmin gün gəncəli azarkeşlər də uzun ayrılıqdan sonra yenidən Gəncə şəhər stadionuna qayıdacaq. Rəqibinizin iki cəbhədə mübarizə aparmasını “Kəpəz” üçün üstünlük saymaq olar?
- “Kəpəz”lə “Neftçi” oyunları tarixə söykənir. Mətbuatda yazılan kimi desək, əzəli rəqiblərin dueli sayılır. Bu rəqiblə Bakıda oynadıq, ya da Gəncədə, gəncəli azarkeşlər üçün fərqi yoxdur, hər zaman komandadan qələbə gözləyiblər və gözləyirlər. Ən böyük üstünlüyümüz azarkeşlərimizin futbolu dərindən bilməsidir. Təhlil qabiliyyətləri yüksəkdir, mən bunu hələ futbol oynadığım dönəmdən görmüşəm. Hər yerdə də deyirəm. Bilirəm ki, “Neftçi”yə matçda komandadan yaxşı nəticə gözləyəcəklər.
- Qələbə?
- Əlbəttə, stadiona “Kəpəz”in qələbəsini görmək üçün gələcəklər. Biz də onlara bu sevinci bəxş etmək üçün əlimizdən gələni edəcəyik. Fasilədən sonrakı ilk oyun, ilk tur həmişə ağır olur. “Neftçi” bizimlə müqayisədə hazır olacaq. Rusiyada hansı rəqiblərə qarşı mübarizə apardıqları gördük. Gəncə səfərinə qədər Konfrans Liqasında da iki oyun keçirəcəklər. Onsuz da, bu gün bütün komponentlərdə bizdən üstündürlər. Lakin biz bir şeyi unutmuruq.
- Nəyi?
- Gəncədə gəncəli azarkeşlərin qarşısında oynadığımızı. Rəqib bizdən güclü ola bilər, lakin biz çəkinmək, təslim olmaq fikrində deyilik. Azarkeşlərimizin ən böyük istəyi “Kəpəz”in hücum futbolu sərgiləməsidir. İstənilən rəqibə qarşı hücum futbolu oynayıb, əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- Növbəti mövsündə Premyer Liqada amansız mübarizəyə tamaşa edəcəyimizə şübhə yoxdur. Komandaların hər biri heyətini gücləndirib və bu yöndə çalışmalarını davam etdirir ki, yalnız “Kəpəz”in “axsadığını” görürük. Əksəriyyətin fikrincə komandanız ötən mövsümün “Şamaxı”sı olacaq.
- Transferlərlə bağlı məsələdə sizinlə razıyam. Müasir futbolda sponsor və maliyyə ciddi amildir. Bu dəqiqə büdcəsinə və üzləşdiyi vəziyyətə görə bizə tay olacaq klub “Araz Naxçıvan”dır. Lakin onların büdcəsi də bizimki ilə müqayisədə aşağı-yuxarı iki dəfə artıqdır. İnsanların “Kəpəz”ə inamsızlığını başa düşürəm. Ancaq mən bu cür düşünmürəm. Bəli, bizim üçün çətin olacaq. Eyni zamanda, rəqiblərimizə çətinlik yaradacağıq. Bizim üçün ən böyük üstünlük klubun adının qarşısında Gəncə sözünün olmasıdır. Gəncədə oynamağımızın özü bizim üçün böyük üstünlükdür. Rəqiblərin doğma stadionumuzda bizi məğlub etməsi heç də asan olmayacaq. Bütün çətinliklərə rəğmən, çempionatda mübariz, mərd, yalnız qələbə haqda düşünən kollektiv görəcəyimizə inanıram. Maliyyə sarıdan çətinliyimiz olsa da, bunu meydanda can qoymaqla hiss etdirməməyə çalışacağıq. Heç bir halda özümüzü sonuncu pillədə görmürük.
HƏBİB

