«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri işini itirə bilər.
Neçə ildir kluba rəhbərlik edən yerli biznesmen AFFA-nın «qara siyahı»sına düşüb.
Bunun da iki səbəbi var.
Birincisi, federasiyanın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovla əlaqələrini davam etdirməsidir.
Məhz adıçəkilən şəxsin vasitəsilə Gəncə təmsilçisinin başına keçən Nadiri indinin özündə də onunla ünsiyyətdədir və bir çox məsələlərdə məsləhətləşir.
İkincisi, «Kəpəz»i himayəsinə götürə biləcək iş adamları burada islahatların aparılmasını, görəvdə olanların vəzifədən alınmasını istəyir və bununla bağlı fikirlərini AFFA-ya çatdırıb.
Narahatlıq ondadır ki, klub ötən illər ərzində daim müxtəlif qalmaqallara səhnə olub. Və bu da «Kəpəz»in reputasiyasını korlayır.
Premyer Liqanın qərb bölgəsindən olan iştirakçısı ötən mövsüm federasiya qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib.
Dövlət tərəfindən ayrılmış 3 milyon manatlıq dotasiyadan düzgün istifadə olunmaması nəticəsində maliyyə problemləri ilə üzləşiblər.
Vəsaiti istiqamətləri üzrə xərcləməyən «Kəpəz» rəhbərliyi, bu azmış kimi, sənədləşmə prosesində də «nala-mıxa» vurub. Odur ki, AFFA yardım paketinin 30 faizini kəsib.
SPORTİNFO.AZ

