Gəncədəki ürək bulandıranlar – Sponsorun nəyinə lazımdır...

20 İyul 2023 21:20 Kəpəz 2 812
Gəncədəki ürək bulandıranlar – Sponsorun nəyinə lazımdır...

Çempionat başlamayıb, adamlar siftə etməyib, artıq indidən Gəncədə “xüsusi təyinatlılar”ın “fəaliyyəti” görünməkdədir.

Bir neçə gün əvvəl mətbuatda “Kəpəz”lə bağlı xoşagəlməz xəbər yayıldı.

Əsas komandada Azər Məmmədovun köməkçisi kimi fəaliyyətə başlayan Xaliq Mərdanovun yenidən əvəzedici komandaya qayıtması ictimaiyyətə bu iki şəxs arasında münaqişə yaşanması kimi ötürüldü.

Heç şübhəsiz, xəbər ya komandanın içindən çıxıb, ya da “Kəpəz”ə yaxın adamlardan mətbuata ötürülüb.

Əks halda, Mərdanovun Mərdəkandan Gəncəyə yola düşdüyünü bu sürətdə jurnalistlərə kim çatdıra bilərdi?

İllərdir davam edən ənənəvi proses “uğurla” davam etdirilir. 5-6 il əvvəl Şahin Diniyevin rahat işləyə bilməməsi üçün əngəllər yaradılırdısa, ötən il bunu Tərlan Əhmədovun timsalında gördük.

Hərçənd, Əhmədovla bağlı yazılan xəbərlərin 70-80 faizində həqiqətən payı var idi. Sadəcə, məlumatın mətbuata çatmasındakı intensivlik göz oxşayırdı.

İndi isə hədəfdə Azər Məmmədovdur.

Azərbaycan müstəqilliyini bayram edən gündən gəncəlilərin “Kəpəz”də gəncəli işləməlidir” tələbindən bütün ölkə xəbərdardır. Ki, kənardan gələn can yandırmır, Gəncənin və gəncəlilərin ruhunu hiss edə bilmir və sair.

Buyurun, bu da sizə gəncəli. Gəncəli yox ha, gəncəlilər. Başda Azər Məmmədov, yanında da eyni şəhərdə böyüdüyü və yaxından tanıdığı məşqçi yoldaşları, həmkarları.

İndi nə istəyirsiniz? Məqsədiniz nədir? Azər Məmmədovla Xaliq Mərdanov illərin ailəvi dostları olduğu halda, araya nifaq salmaqla nə etməyə çalışırsınız?

Bu klubun düz-əməlli sponsoru olmadığı halda bu şəkildə ürək bulandıranlar varsa, görün, “Kəpəz”in pulu olsa, nələr yaşanar. İnanın, güclə ayaq üstə dayanan Gəncə şəhər stadionunun tribunaları qalmaqalların səs-küyündən yerə çırpılar.

Bəlkə də, bu və buna bənzər səbəblərə görə “Kəpəz”ə yaxın duran yoxdur.

Bir yerdə ki futbolun inkişafı yox, adamların ayağının altını qazımaq, hər gələnə “torba tikmək” hədəf seçilir, orada ciddi işdən danışmaq olmaz. Gəncəlilər tam şəkildə “Kəpəz”in ətrafında birləşməyəcəyi halda komandadan uğur gözləməyə dəyməz.

Odur ki, sponsorun nəyinə lazımdır həm cibinin pulunu xərcləsin, həm də ağrımayan başına dəsmal bağlasın.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti