“O, büdcə ilə razılaşmadı – Biz kirvəyik, aramızda mübahisə ola bilməz”

17 İyul 2023 23:00 Kəpəz 1 731
“O, büdcə ilə razılaşmadı – Biz kirvəyik, aramızda mübahisə ola bilməz”

“Kəpəz”in baş məşqçisi köməkçisinin qəfil gedişinə aydınlıq gətirdi

Xaliq Mərdanov “Kəpəz”in əsas komandasından ayrılıb.

Təcrübəli mütəxəssis bundan sonrakı fəaliyyətini əvvəlki iş yerində - əvəzedici komandada baş məşqçi kimi davam etdirəcək.

Mərdanovla baş məşqçi Azər Məmmədovla münaqişə yaşayıb.

Tərəflər arasında soyuqluğun yaranması nəticəsində Xaliq bəy əsas komandada qalmaq istəməyib və “Kəpəz-2”yə qayıdıb.

Qalmaqalın təfərrüatını öyrənmək, mübahisənin hansı səbəbdən baş verdiyinə aydınlıq gətirmək üçün məsələdə adı hallanan Azər Məmmədovla əlaqə saxladıq

Baş məşqçi dedi:

“Yayılan xəbərlə tanışam və əminliklə deyirəm ki, belə bir hadisə baş verməyib. Ola bilsin, kimlərsə klub daxilində gərginlik yaratmaq üçün mətbuata belə bir şayiə ötürüb.

Xaliq müəllim əsas komandaya məşqçi gələndən sonra əvəzediciyə baş məşqçi axtarılırdı.

Konkret olaraq bir məşqçi ilə söhbət də olmuşdu. Həmin məşqçi əvəzedici komandaya ayrılan büdcə ilə razılaşmadı.

Oturub söhbət etdik və qərara aldıq ki, Xaliq müəllim əvvəlki işini davam etdirməklə yanaşı, əsas komandada da çalışsın.

Yəni, bundan sonra həm “Kəpəz-2”nin baş məşqçisi olacaq, həm də imkan daxilində bizə kömək edəcək.

İndiki məqamda əvəzedici komandanı çalışdırmağa ən layiqli namizəd elə Mərdanovun özü idi. Ötən mövsüm komandada işləyib, futbolçuların bacarığına yaxından bələddir.

Özü də “Kəpəz-2”nin çətin durumda qalmasını istəmirdi. Bundan sonra həm ikinci komandada olacaq, həm də bizim yanımızda.

Xaliq müəllimlə illərin dostuyuq. Bizi bir-birimizə bağlayan təkcə futbol deyil. Ailəvi dostluğumuz var, mən Mərdanovun oğlunun kirvəsiyəm.

İndiyə qədər futbol mövzusunda aramızda münaqişə yox, heç mübahisə də olmayıb, bundan sonra ola da bilməz.

Sizdən artıq dərəcədə xahiş edirəm, gələcəkdə bu cür məsələlərdə diqqətli davranın”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti