"Elə söyüşlər söydü ki… Ancaq ona heç nə demədilər"

29 May 2023 02:50 Kəpəz 1 663
"Elə söyüşlər söydü ki… Ancaq ona heç nə demədilər"

AFFA-nın İntizam Komitəsinin ötən gün keçirilən iclasında "Kəpəz”in U-19 komandasının köməkçi məşqçisi Rəhman Əzizovun 5 oyunluq cəzalandırılması ilə bağlı qərar çıxarıldı.

Buna səbəb kimi mayın 17-də Gənclər Liqasında baş tutan "Kəpəz” - "Sumqayıt” matçının 53-cü dəqiqəsində məşqçinin hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılması göstərildi.

Ancaq məşqçi bu cəza ilə razılaşmır. Mütəxəssis həmin vaxt nə baş verdiyi haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, qaynarinfo-ya açıqlamasında hakimlərlə mübahisə etməsinin səbəbini bildirib:

"Onsuz da komandamızda problemlər çoxdur. 4-5 futbolçumuz hərbi xidmətə yollanıb, aralarında qapıçı da var. Hesabda 0:2 geridə olduğumuz anda hakim iki dəfə ofsaydı qeydə almadı. Üçüncü ofsayd isə düz gözümüzün qarşısında oldu, onu da buraxdı. Nəticədə qapımıza daha iki qol vurdular və hesab 0:4 oldu. Yan hakimə dedim ki, ofsaydı gördüyünüz halda niyə qeydə almadınız? Söyüş söymək başqa şeydir. Biri də var adamın ağzından bilmədən hansısa söz çıxır. Üzr istəyirəm, həmin anda ağzımdan "blət” sözü çıxdı. Bizdən sonra U-16 komandamızın "Zirə” ilə oyunu keçirilirdi. "Zirə”nin köməkçi məşqçisi elə söyüşlər söydü ki… Ancaq yanındakı hakimlər ona heç nə demədi. İnanın, hakimlər elə kobud səhvlərə yol verir, heç deyiləsi deyil. Vallah çox biabırçılıqdır. Belə şeylər görməmişik. Lakin elə danışırlar, sanki biz futbol oynamamışıq, heç nəyi bilmirik, bunlar isə başqadır. Həmin söyüşlərdən sonra hakim o məşqçini yanına çağırıb beşoyunluq cəza verə bilərdi. Mən nə demişəm ki, belə cəzalandırırlar?”

Əzizov hakimlərin ona ağır cəza verməsinin səbəbini nədə gördüyünü də deyib:

"Bilirsinizmi məhz həmin hakimlər niyə elə etdi? Çünki bu hakimlərin daha bizim oyunumuza təyinat almasını istəməmişdik. Adətən ev sahibi komandaya simpatiya göstərirlər. Onu da istəmirik. Qaydalar necədirsə, oyunu elə də idarə etsinlər, kifayətdir. Penalti olur, qeydə almırlar. Ofsayd olur, buraxırlar, rəqib də gedib qol vurur. Özlərini görəndə soruşacağam ki, hansı söyüşə görə mənə beş oyun cəza vermisiniz? Tanıyanlar bilir ki, ədəb-ərkanlı insanam. Kiminsə ünvanına çox pis söyüş söysəm, cəza ilə razılaşardım. Qırmızı vərəqə göstəriləndən sonra yan hakimlə mübahisə etdim, mənə "ə” deyirdi. Adam adama bu şəkildə müraciət etməməlidir. Qısası, oyunlarımıza təyinat almalarını istəmədiyimizə görə bizimlə prinsipə düşmüşdülər və səhv axtarırdılar. Halbuki heç kimin ünvanına nalayiq söyüş söyməmişdim”.

Məşqçi cəza ilə bağlı apelyasiya şikayəti vermək istədiyini söyləyib:

"Hesab 0:3 olanda niyə ofsaydı qeydə almırsan? Demirəm bizə qərəzli davranırdılar. Qaydaları bilməməkdən də irəli gələ bilər. Yəni böhtan atmıram, amma baxırsan ki, göz qabağındakı qayda pozuntularını qeydə almırlar. Danışırıq, deyirlər sakit dayanın. Danışmırıq, yenə öz bildiklərini edirlər. Hakimlər Mingəçevirdən idi. Bir-birimizi tanıyırıq. Apelyasiya şikayəti vermək istəyirəm. Heç kim öz səhvini boynuna almaq istəmir. Amma ofsaydı hamı gördü. Komandamızın hansı vəziyyətdə olduğunu bilirlər. Futbolçu çatışmazlığı var. Bu üzdən nisbətən daha az yaşlı oyunçuları meydana buraxmaq məcburiyyətində qalıram. Bir neçə futbolçumuz əvəzedicilərin heyətindədir. Onlar da bəzən zədəli olurlar, bizimlə oyunlara gedə bilmirlər. Uşaq tapmaq çətindir, 19 hərbi xidmət yaşıdır. Uşaqlar çıxıb gedirlər. Həmin vaxt əsəbi olmuşam, bəlkə bir az qışqıra-qışqıra o sözü işlətmişəm. Nəzərə alardılar, heç olmasa ikioyunluq cəza verərdilər. Bu, artıq qərəzli yanaşmadır. Qarşıda hələ 6 turumuz qalır”.

Digər Xəbərlər
Xəbər Lenti