O, kimdir elə? - DOSYE

15 Mart 19:00 Kəpəz 985
O, kimdir elə? - DOSYE

Qış fasiləsində ciddi dəyişikliklərə məruz qalan “Kəpəz” çempionatın ikinci yarısında oyun planında xoş təsir bağışlayır.

Mario Mustapiç, Junior Martins, Abdulla Rzayev kimi yenilər əsas heyət üzvünə çevrilməklə komandanın gücünə güc qatıb.

Legionerlər bir tərəfə, qanı qanımızdan, canı canımızdan olan Abdullanın Premyer Liqada debüt mövsümündə adından söz etdirməsi xoş haldır.

21 yaşını martın 12-də tamamlayan sağ cinah müdafiəçisi müqavilə ilə “Sabah”a məxsusdur.

Çempionatın ilk yarısını icarə əsasında “Şamaxı”da keçirmiş, 4 matçda vur-tut 72 dəqiqə forma geyinmək şansı qazanmışdı.

“Kəpəz” Rzayevi icarə şərti ilə heyətinə qatandan sonra Abdulla cinahda fırtına kimi əsir.

Komandasının mövsümün ikinci yarısında keçirdiyi 8 oyunun hamısında meydanda olub. Matçların 6-da 90 dəqiqə mübarizə aparıb, 2-də bir hissə meydanda olub.

Qısas müddətdə Gəncə publikasının etimadını qazanan “3 nömrə”nin statistik göstəriciləri də göz oxşayır.

Həm də “bədən yığmaq” həvəskarı olan gənc futbolçu “Kəpəz”ə keçəndən sonra “İnStat”ın versiyasına görə iki dəfə turun simvolik komandasında yer alıb. Yəni iki turda ən yaxşı sağ cinah müdafiəçisi seçilib.

Əslən Siyəzəndən olan Rzayev bu gedişlə U-21-in ardınca ölkənin əsas millisinin də şərəfini qoruyacaq.

Yetər ki, arxayınlaşmasın, daha çox çalışsın və öz cinahında ən yaxşılardan olduğunu sübut etməkdə davam etsin.

“Sabah” Abdulla Rzayevi “Kəpəz”ə 2023-cü ilin iyununa qədər icarəyə verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti