Daha çox büdcə, daha çox ödənişli futbolçular – Bəs niyə bir belə uğursuz oldu?

6 Noyabr 2023 09:40 Kəpəz 1 609
Daha çox büdcə, daha çox ödənişli futbolçular – Bəs niyə bir belə uğursuz oldu?

Azər Məmmədovun «Kəpəz» erası 11 turdan ibarət oldu.

Komandanı «Qarabağ»a 1:7 hesabıyla uduzduran baş məşqçi postunu təhvil verdi.

«Kəpəz»in vur-tut 6 xal var, turnir cədvəlində sonuncu yerdədir. I Liqaya «göz vuran» ən real namizəddir.

Gəncəni Premyer Liqada tutmaq artıq möcuzəyə bərabərdir. Gərək qeyri-adi hadisə yaşansın ki, «Kəpəz» gələn mövsümə burada başlasın.

Azər Məmmədov əvvəlindən bəri yanlış qərarlar verdi. «Dəlləkliy»i onu böyüdüb başa çatdıran, futbola qazandıran, əlini çörəyə çatdıran «Kəpəz»in başında öyrənmək istədi.

Təkbaşına çalışmağın, qərar verməyin onluq olmadığını bilə-bilə.

Premyer Liqada işləmək, özündən söz etdirmək istəyən məşqçi azı 2 keyfiyyətə malik olmalıdır – Kollektivlə çalışmaq bacarığı və xarakter.

Hələ bir nəfərdən eşitməmişəm ki, Azər Məmmədovun insaniyyətliyi barəsində mənfi fikir söyləsin, adı gələndə dodağını büzsün. Deyirlər ki, yaxşı adamdır, səmimidir.

Bu, yetərlidirmi? Təəssüf ki, yox.

Azər Məmmədov xasiyyətcə yumşaq biridir. Sərt üzü yoxdur, yumruğunu stola çırpa, anında radikal qərar verə blmir.

Gözü yanındakıların ağzındadır, güdür ki, görən, onlar nə söyləyir. Belə olmur.

Tərlan Əhmədov yalan danışmaqda pərgardır. Bir dəqiqə imkan ver ona, sənə on dənə yalan uydursun. Elə danışacaq, özünə elə əl qatacaq ki…

Bilirsən e, yalan deyir, amma yenə içində elə bir hiss baş qaldıracaq ki, ürəyinə sual verəcəksən - bəlkə doğrudan da belədir.

Onda qarşısındakı şəxsi özünə inandırmaq istedadı güclüdür. Əhmədov məhz bu gücün sayəsində futbolçuları öz tərəfinə çəkdi, yaxşı futbol oynatdı, «Kəpəz»i axırda Premyer Liqada saxladı.

Efirdə danışanların, yazılı və onlayn mediada yazanların mütləq əksəriyyəti «Kəpəz»dən bixəbərdir. Belə təsəvvür yaradırlar ki, yayda büdcə azalıb, daha az ödənişli futbolçular alınıb. Azər Məmmədovun uğursuzluğun dibinə vurmasını bu kimi amillərlə əlaqələndirirlər.

Kökündən yanlış fikirdir. Klub rəhbərliyi bu il daha çox büdcə ayırıb, daha ödənişli futbolçular transfer edib. İlqar Nadiri «Kəpəz»ə gələn məşqçilər arasında ən böyük pulu Azər Məmmədovun yolunda xərcləyib.

Daha nə etməlidir, əlindən gələni əsirgəməyib. Komanda bugünlərə qalıbsa, İdarə Heyətinin sədrini suçlamağın özü qəbahətdir.

Bilirik, bu sözlər Gəncənin futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayacaq, bizə yazacaqlar, razılaşmayacaqlar, tərəfkeşlikdə qınayacaqlar. İstənilən reaksiyaya hazırıq.

İlqar Nadirinin vəzifədən ayrılmasını arzulavan çoxdur. Ancaq bu gedişlə «Kəpəz» ağ günə çıxacaqmı?

Kluba güclü sponsor gəlməsə, şəhər arxasında dayanmasa, heç kimə çörək yoxdur. Nadirinin qalıb-qalmaması hazırkı vəziyyət üçün nisbi məsələdir, problem dərindən araşdırılmalı və həll olunmalıdır.

Ölkənin ən titullu 3 klubundan birinin nicatı kompleks yanaşma tələb edir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti